[b]"Keçmişimi vərəqləyəndə, xatirələrə dalıram"[/b] - MÜSAHİBƏ
29.10.2014 - 12:03
[b]"Keçmişimi vərəqləyəndə, xatirələrə dalıram"[/b] - MÜSAHİBƏ

Azərbaycan voleybolunun inkişafında xüsusi pay sahibi olan Oqtay Musayev 65 illik yubileyini qeyd edib. Apasport.az saytının məlumatına görə, ömrünün 40 ilini idmanın bu növünə həsr edən təcrübəli mütəxəssisin şad gününə də məhz voleybol ailəsinin inciləri toplaşmışdı.

 

Onlar Musayevin keçdiyi həyat yolundan, onun idarə etdiyi oyunlardan fəxrlə danışıb, ölkə voleybolundakı rolunu xüsusi vurğulayıblar. Hazırda Super Liqada hakimlik edən referilərimiz isə hətta müəllimlərinin yaşını belə dəqiq bilmədiklərini etiraf ediblər. Ədalət təmsilçiləri Musayevin gah 50 illiyinin, gah da 55 illiyinin şərəfinə badə qaldırıblar. Lakin Oqtay müəllimin “sirri”ni millimizin sabiq çalışdırıcısı Feliks Məmmədov açıb. O, məclis iştirakçılarına Musayevin 65 illiyinə gəldiklərini bildirərək, zarafatlarından da qalmayıb. Yubilyarı “pensiyaçı” adlandıran təcrübəli mütəxəssis ölkə voleyboluna onun hələ çox xeyri dəyəcəyini vurğulayıb.  

 

Musayev isə sözün həqiqi mənasında özünü 30 yaşlı gənc kimi aparırdı. Hamıya xüsusi diqqət göstərən sabiq referi hərdənbir qonaqlarına “özünüzü oynamaqla yormayın, siz bura yeyib-içməyə gəlmisiz” deməklə, alqışlar da qazanırdı. Diqqətdən yayınmayan məqamlardan biri də Musayevin məclisboyu nəvələri ilə gəzməsi idi.

 

...Yubilyarı danışdırmaq bizim üçün həqiqətən asan alınmadı. Çünki Oqtay müəllimlə danışmaq istəyimizi bildirəndə birbaşa razılaşsa da, qonaqların ürək sözləri onun tez-tez yerindən durması ilə nəticələndi. Buna baxmayaraq, Musayevi fasilələrlə danışdıra bildik.

 

- Oqtay müəllim, öncə sizi saytımız adından təbrik edirik. Həqiqətənmi, 65 yaşınız olur?

- (gülür). Elədi. Təbriklər üçün çox sağ olun. Sizin burada iştirakınız da məhz voleybola olan xüsusi diqqətinizin nəticəsidi.

 

- Voleybola gəlişinizi vərəqləmək, xatirələrinizi yada salmaq istərdik...

- Çox gözəl olar. Hərdən özüm də keçmişimi vərəqləyib, xatirələrə dalıram. 70-ci illərin sonundan voleyboldayam. Həqiqətən uğurlarım, həyatda qazandığım təcrübəm məhz voleybolun sayəsində olub. Həmin dövr SSRİ çempionatının oyunlarını idarə etmək hüququnu əldə etmək heç də asan deyildi. Amma mən 1979-cu ildən buna nail oldum. Ölkəmizi SSRİ çempionatında “Neftçi” təmsil edirdi. Çox güclü voleybolçular cəmləşmişdi və tez-tez bizi qələbələri ilə sevindirirdilər. 1999-cu ildə Tulada yeni qaydalarla ilk hakimliyi də mən etmişəm.

 

- Bəs həmin vaxt beynəlxalq dərəcə almağınıza nə mane oldu?

- Bunu almağa çox yaxın idim. 1983-cü ildə İtaliyada beynəlxalq seminara qatılmalı idik. Mən, bir rusiyalı və 2 italiyalı bunun üçün sifariş də olunmuşduq. Lakin son anda seminar təxirə salındı və bizim ümumrespublika dərəcəli hakim kimi fəaliyyətimizi davam etdirdik.

 

- Siz müəyyən müddət Azərbaycandan ayrı da düşmüşdüz. Sonra vətənə qayıtmağınız nəyin sayəsində reallaşdı?

- Bildiyiniz kimi, idmanda müəyyən müddət durğunluq dövrü yaşadıq. Bunun üçün də mən Rusiyaya üz tutub, fəaliyyətimi davam etdirdim. 2000-ci ildə isə Faiq Qarayevin təşəbbüsü ilə yeni formalaşan federasiyaya qayıtdım və gözəl kollektivə çevrildik. Cəmi 2 il sonra “Azərreyl” “Çelenc Cup”ı qazandı və beləcə uğurlarımız bir-birini əvəz etməyə başladı. Yığmalarımız da B divizionundan yüksək liqaya vəsiqə qazandırlar. Voleybol ölkədə kütləviləşdi, sevilməyə başladı və yeni nəsil yetişdi. Bütün bunlar ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğının nəticəsi idi.

 

- Ölkəmizə döndükdən sonra əsas işiniz nə oldu? Səhv etmiriksə, qruplar formalaşdırıb voleybolun tədris tədrisinə də başladız...

- Azərbaycanda voleybola böyük diqqət var. 2000-ci ildə başlanğıc kimi “Rabitə” voleybol klubunda işləməyə başladım. Həmin vaxt bu komanda kişilərdən ibarət idi və uğurlu çıxışı ilə fərqlənirdi. Hazırda isə “Rabitə”nin qadın voleybolunun inkişafında rolu böyükdü. Bu komanda bir çox titullara yiyələnib. Həmişə sevinirəm ki, “Rabitə”nin güclü kollektivə çevrilməsində mənim də rolum olub. “İqtisadçı” komandası da 7 il öncə mənim köməkliyimlə yaradılıb. Şəmsəddin Hacıyev voleybola dəstək olub və bu klub yarışlarda mübarizəyə başlayıb. Təəssüf ki, onlar bu il fəaliyyətlərini dayandırdılar. Hazırda isə federasiyada koordinator vəzifəsini icra edirəm.

 

- Bir çox idman növlərində sabiq SSRİ ölkələrinin klublarının iştirakı ilə çempionatın keçirilməsi gündəmə gəlib. Bunu voleybolda da tətbiq etmək mümkündürmü?

- Təbii ki. Bu, çox əla ideyadı. Hazırda “Rabitə”, “Azəryol” kimi güclü klublarımız var. Onlar həmin çempionatda ölkəmizi layiqincə təmsil edərlər. Bu, həmçinin hər bir klubun daha da güclənməsinə, oyun praktikası qazanmasına təkan olar. Məsələn, hər ölkənin 2 klubunun iştirakı ilə super yarış olar. Həm də klublar bir-birinin şəhərlərinə səfər edərlər.

 

- Siz kişilərdən ibarət milli komandanın da baş məşqçi işləmisiz. Nə üçün çalışdırıcı fəaliyyətinizi davam etdirmədiz?

- 2004-cü ildə Moskvada beynəlxalq dərəcəli məşqçi seminarına getdim və sertifikat aldım. Nəticədə həmin ildən 2007-ci ilədək millinin “sükanı arxası”nda oldum. Səudiyyə Ərəbistanında keçirilən I İslam Həmrəyliyi Oyunlarında 54 ölkə arasında 5-ci yeri tutduq. Sonra komanda dağıldı. Amma hazırda kişi voleybolunda böyük dönüş yaranıb. İntensiv məşqlər gedir, güclü heyət formalaşıb. Fikrimcə, Bakı-2015-də yığmamız nailiyyət əldə edəcək. I Avropa Oyunlarında komandalarımızın uğuruna inanıram.

 

- Noyabrın 1-dən qadın voleybolçular arasında Azərbaycan Super Liqasına start verilir. Bir mütəxəssis kimi aşkar favorit görürsüzmü?

- Bu il çempionata qatılacaq komandaların hamısı güclüdü. “Rabitə”, “Azərreyl”, “Azəryol” yaxşı heyət yığıb. Bu il ev-səfər prinsipi ilə Bakıdan kənara çıxmaq istəyirdik, lakin alınmadı. Çünki artıq fəaliyyətini dayandıran “İqtisadçı” rəqiblərini Qubada qəbul edəcəkdi. Amma buna baxmayaraq, ev-səfər prinsipi ilə oynayacağıq.

 

- Son olaraq, 65 yaşlı Oqtay Musayevin hələ əldə etmək istədiyi uğurlar varmı?

- Bu gün voleybolu seçdiyimə çox sevinirəm. Bunun sayəsində gözəl kollektivə, gözəl ailəyə sahibəm. Bu işdə sona kimi əlimdən gələn köməkliyi edəcəm də. Millimizi Avropa çempionu, dünya çempionu kimi görmək istəyirəm. Bunun üçün yeni nəsil də formalaşıb. İnanıram ki, komandalarımız daima uğurları ilə istəklərimizi daha da artıracaqlar.   

0