Qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Danimarka matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, 3:0 hesabı ilə qalib gəldiyimiz qarşılaşmanın bombardiri adını bu dəfə də Polina Rəhimova qazanıb.
Yığmamızın hücumçusu millimizin aktivinə 29 xal yazdırmağı bacarıb. Rəhimova, həmçinin ən yaxşı hücumçu (18 xal) və topu oyuna ən yaxşı daxil edən (10 eys) də seçilib. Görüşdə 3 dəfə keçilməz olan Kseniya Poznyak ən yaxşı blokçu (3 xal) nominasiyasında birinci olub. Rəqibin heyətində isə Alina Sode fərqlənib. O, top qəbulunda hamını qabaqlayıb (21 faiz).
Baş məşqçi Faiq Qarayevin digər yetirmələrindən Yelizaveta Səmədova 11, Yana Kulan 9, Poznyak 8, Ayşən Abduləzimova 5 və Kristina Yaqubova 1 xal əldə edib.
Danimarkada isə 8 xal toplayan Naomi Xan Molqard komandasının ən məhsuldar oyunçusu olub.