[b]Azərbaycan çempionunun meneceri: O, yenidən Bakı klubuna qayıdacaq[/b]
05.08.2014 - 14:19
[b]Azərbaycan çempionunun meneceri: O, yenidən Bakı klubuna qayıdacaq[/b]

Polşalı toppaylayıcı Katarjina Skorupa “Rabitə”dən birdəfəlik ayrılmayıb. Apasport.az saytının məlumatına görə, bu barədə voleybolçunun meneceri Yakub Dolata açıqlama verib.

 

O bildirib ki, Azərbaycan çempionu ilə 2 illik müqaviləsi olan Skorupa yenidən Bakı təmsilçisinin heyətinə qayıdacaq. Belə ki, ötən mövsümün sonunda əlindən əməliyyat olunan toppaylayıcının meydana nə vaxt qayıdacağı sual altında idi. “Rabitə” də məhz bu səbəbdən onun mövqeyinə italiyalı Françeska Ferrettini transfer etdi. Əvəzində isə Katarjina “Kasalmaggiore”yə göndərildi.

 

Dolatanın sözlərinə görə, yeni mövsümdə daha iddialı olacaq “Rabitə” riskə getmədiyindən Skorupanın formasını yığmasını istəyib: “Hazırda onun bərpa dövrü gözlənildiyindən də yaxşı gedir. Lakin “Rabitə” risk etmədi və bu səbəbdən də Françeska Ferrettini heyətinə qatdı. Nəticədə mən Katarjinanın İtaliyanın “Kasalmaggiore” klubuna getməyini məqsədəuyğun saydım. O, icarə əsasında oynayacağı yeni komandasında əsas “altılıq”da yer alacaq. Skorupa 1 il bu komandada oynadıqdan sonra isə yenidən müqavilə ilə bağlı olduğu “Rabitə”yə qayıdacaq və komandasının uğurları üçün öz töhfəsini verməyə çalışacaq”.

 

Qeyd edək ki, Skorupa 2012-2014-cü illərdə “Rabitə”nin formasını geyinib və bu komanda ilə 2 dəfə Azərbaycan çempionu adını qazanıb. O, həmçinin Bakı təmsilçisinin heyətində klublararası dünya çempionatının və Çempionlar Liqasının mükafatçısı olub.