[b]Azərbaycan millisi reytinq siyahısında mövqeyini dəyişmədi[/b]
01.09.2014 - 09:23
[b]Azərbaycan millisi reytinq siyahısında mövqeyini dəyişmədi[/b]

Beynəlxalq Voleybol Federasiyası qadın komandaların yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, təxminən 10 aylıq müddətdən sonra tərtib olunan siyahıda Azərbaycan millisinin mövqeyi dəyişməz qalıb.

 

Belə ki, dünya Qran-prisinin yekunlarına əsasən açıqlanan cədvəldə Faiq Qarayevin yetirmələri yenə 37-ci pillədədirlər. Komandamız yalnız Avro-2013-də oynamaqla (15-ci yer), aktivinə 2 xal əlavə edib və reytinq xalını 17-yə çatdırıb.

 

Sentyabrın 23-də start götürəcək dünya çempionatındakı rəqiblərimizdən ən böyük yüksəlişə Belçika millisi imza atıb. Avropa çempionatının bürünc mükafatçıları 5 pillə irəliləyiblər. Aktivində 57 xalı olan belçikalılar Əlcəzairlə 17-18-ci yerləri bölürlər.

 

Rəqiblərimizdən Puerto-Rika da 1 pillə irəli gedib. Onlar siyahıda 16-cı yerdə qərarlaşıblar (61 xal).

 

Digər rəqiblərimizə gəlincə, Yaponiya və Çin millimiz kimi mövqelərini qoruyublar. Asiyalılar müvafiq olaraq, 3-cü (301) və 5-cidirlər (222).

 

Onlardan fərqli, Kuba yığması geriləyənlər arasındadır. Hazırda yaxşı günlərini yaşamayan komanda 1 pillə aşağı düşməklə, 22-ci yerə enib (50).

 

Qeyd edək ki, ilk “üçlük” dəyişməz qalıb. Qran-prinin qalibi olan Braziliya 320 xalla yenə cədvələ başçılıq edir. İkinci yerdə isə 315 xalla ABŞ millisi qərarlaşıb.