Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer 2017-ci ildə qadın komandalar arasında qitə çempionatının Azərbaycan və Gürcüstanda keçirilməsi ilə bağlı qərara münasibət bildirib. Apasport.az saytının məlumatına görə, qurum rəhbəri ölkəmizin sınaqdan layiqlə çıxacağına inam ifadə edib.
Meyer bildirib ki, Azərbaycan və Gürcüstanın Avropa çempionatının finalına ilk dəfə ev sahibliyi etməsinə baxmayaraq, təşkilatçılığın yüksək səviyyədə olacağına böyük ümid bəsləyir: “Voleybolumuzun təşkilatçılığı, bayrağı çox inamlı əllərə etibar edildi. Biz bu ölkələrdə maraqlı voleybol oyunlarının keçiriləcəyini gözləyirik. 2017-ci ilin kraliçaları məhz Azərbaycan və Gürcüstandakı oyunların nəticəsinə əsasən seçiləcək”.
Qeyd edək ki, indiyədək nə keçmiş SSRİ-də, nə də potsovet ölkələrində qadın voleybolçular arasında Avropa çempionatı təşkil olunmayıb.