[b]Dünyada millimizin hücumçusuna qibtə edirlər[/b]
02.10.2014 - 11:34
[b]Dünyada millimizin hücumçusuna qibtə edirlər[/b]

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatında II qrup mərhələsinin ilk matçlarından sonra ən məhsuldar oyunçular məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova baş tutan 6-cı qarşılaşmalardan sonra liderliyi əldən verməyib.

 

İtaliyaya 1:3 hesabı ilə uduzduğumuz görüşdə 28 dəqiq zərbə ilə diqqətləri özünə çəkən hücumçumuz aktivindəki xalların sayını 148-ə (121 hücum, 14 blok, 13 eys) çatdırıb. Bu isə digər rəqibləri üçün əlçatmaz olub.

 

Belə ki, onun ən yaxın izləyicisi Betanya De La Kruz (Dominikan Respublikası) Rəhimovadan nə az, nə çox 32 xal geri qalır. İlk “3-lüyü” qapayan Tatyana Koşelyevanın (Rusiya) aktivində isə 111 dəqiq zərbə var.

 

Yığmamızın digər üzvlərindən üçü də ilk “100-lük”də yer alıb. Kseniya Kovalenko 49 xalla 61-ci, Odina Əliyeva 42 xalla 74-cü, Anastasiya Qurbanova 35 xalla 87-ci yerdə qərarlaşıb.

 

Təmsilçilərimizdən Ayşən Əbdüləzimova 24 xalla 121-ci, Oksana Parxomenko 21 xalla 133-cü, Yekaterina Jidkova 20 xalla 136-cı, Yana Ağayeva 10 xalla 189-cu, Yelena Parxomenko 8 xalla 197-ci, pillədədir.

 

Qeyd edək ki, ümumilikdə 259 voleybolçu xal qazana bilib.