[b]Mövsümün səs-küylü transferi rəsmiləşdi: Avropa çempionu Bakıda! [/b]
22.09.2016 - 10:39
[b]Mövsümün səs-küylü transferi rəsmiləşdi: Avropa çempionu Bakıda!  [/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yeni mövsümün ən səs-küylü transferi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, bunu ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Telekom” həyata keçirib.

 

Bakı klubu Serbiya millisinin sabiq hücumçusu Yovana Vesoviçlə danışıqları müsbət yekunlaşdırıb. 29 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb.

 

Son mövsümü Rumıniyanın “Alba” klubunda keçirən Vesoviç Azərbaycana gəlincə, 5 ölkədə legioner həyatı yaşayıb. O, daha öncə “Yedinstvo” (2002/2007, Serbiya və Çernoqoriya), “Postar 064” (2007/2009, Serbiya), “Volero” (2009/2010, İsveçrə), “Dinamo” (2010/2011), “Tomis” (2011/2012, hər ikisi Rumıniya), “Severyanka” (2012/2013, Rusiya), “Çanakkala Bld” (2013/2014, Türkiyə) və “Olimpiakos” (2014/2015, Yunanıstan) klublarının şərəfini qoruyub.

 

3 dəfə Serbiya çempionu (2005, 2008, 2009) olan 182 sm boya malik hücumçu İsveçrə (2010) və Rumıniya (2012) çempionatlarının da qızıl medalına yiyələnib. Yovana, həmçinin Serbiya kubokunun 2 qat (2008, 2009) qalibidi. O, İsveçrə və Yunanıstanda da ölkə kubokunu başı üzərinə qaldırıb.

 

Vesoviçin yığma karyerası da kifayət qədər zəngindi. 2006-cı ildən əsas komandanın şərəfini qoruyan voleybolçu 2011-ci ildə Avropa çempionu titulunu qazanıb. Bundan əlavə, London-2012-nin iştirakçısı olan oyunçu Avropa Liqasının 2 dəfə qızıl (2010, 2011), 1 dəfə bürünc (2012) medalına yiyələnib. Qitə çempionatında 2-ci (2007) də olan Yovana Universiadanın (2009) da finalında oynayıb, dünya çempionatı (2006) və Qran-prinin (2011) 3-cüsü olub.

 

Qeyd edək ki, Bakı klubları cari transfer pəncərəsində yalnız bir-birinin oyunçuları ilə güclənib. Ölkə xaricindən gələnlər isə o qədər də tanınmış olmayıb.

 

0