“Məzuniyyətim avqustun əvvəllərində başa çatıb. Həmin vaxtdan Azərbaycan millisinin düşərgəsindəyəm”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının voleybolçusu Yana Ağayeva deyib.
Milliləşdirilmiş legionerimiz bildirib ki, istirahətdən sonra bir çox oyunçular bərpa dövründə çətinlik çəksələr də, bu, onda problem yaratmır: “Düzdü, məşqlərə yeni başlayanda bir əziyyət olur. Amma mən heç vaxt belə problem yaşamıram”.
Ağayevanın sözlərinə görə, Sloveniyada təlim-məşq toplanışında olan Azərbaycan millisi gərgin məşqlər sayəsində dünya çempionatına kimi tam hazır olacaq: “Biz hazırda Maribordayıq. Burada çoxlu həm kişi, həm qadın komandaları var. Onlar da təlim-məşq toplanışındadırlar. Onların bəziləri ilə yoxlama görüşləri də nəzərdə tutulub. Moskva “Dinamo”su və Bolqarıstan millisi ilə qarşılaşmağımız da gözlənilir. Dünya çempionatı zamanı çox çətin oyunlarımız olacaq. Bu üzdən əlimizdən gələn hər şeyi edəcəyik ki, həmin qarşılaşmalara hazır olaq”.
Yığmamızın hücumçusu yeni transfer olunduğu Polşa “Atom”unun rəsmi saytına komandaya qoşulacağı vaxtı da açıqlayıb: “Mən çox təəssüflənirəm ki, iyulun sonunda Sopota gələ bilmədim. Hərçənd, komandamla həmin vaxt tanış olmağımı çox istəyirdim. Lakin hələ də yeni klubumla tanışlıq imkanı əldə etməmişəm. Əvəzində, vaxtımı ailəmlə birgə keçirdim və bu mənim üçün çox vacib idi. İnanıram ki, hər şey yaxşı olacaq. Fikrimcə, İtaliyadakı dünya çempionatından qayıtdıqdan sonra klubdakı komanda yoldaşlarımla da anlaşmada problem olmayacaq”.