[b]Yığmamızın baş məşqçisi: Gənc qızları “sındırmaq” asandı - MÜSAHİBƏ[/b]
06.04.2016 - 14:20
[b]Yığmamızın baş məşqçisi: Gənc qızları “sındırmaq” asandı - MÜSAHİBƏ[/b]

19 yaşadək voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Əliyevin apasport.az saytına müsahibəsi

 

- Avropa çempionatının qrup oyunlarına böyük ümidlərlə yollanmışdız. Lakin qarşılaşmalara ev sahibliyi edən Latviya, həmçinin Fransa və Sloveniyanın mübarizə apardığı qrupda sonuncu olduz. Hər 3 görüşdəki məğlubiyyəti nə ilə əlaqələndirərdiz?

- Bəli, səfərə çox böyük ümidlərlə getmişdik. Voleybol Federasiyasının da bizə ümidi böyük idi. Fikrimcə, güclü heyətə malik olsaq da, bir qədər gec toplaşdıq. Komandamızın aparıcı oyunçusu Anastasiya Bessonova “Telekom”la finala hazırlaşırdı. Çünki o, bizim düşərgəyə gəldikdə klub 11 nəfərlə məşq etmək məcburiyyətində qalırdı. Lakin məşqçilərindən xahiş etmişdim, 1 dəfə bizlə, 1 dəfə onlarla çalışırdı. Nikalina Başnakova Türkiyədə “Bursaspor”da çıxış edir və martın 22-də son oyununu keçirdikdən 1 gün sonra bizə qoşuldu. Əsas heyətlə demək olar ki, 1 həftə hazırlıq keçdik. Həmçinin, həmin ərəfədə Super Liqada yarımfinal mərhələsi olduğundan yoxlama matçları da keçirə bilmədik.

 

- Amma “Gənclik” adı altında Super Liqada 20 oyun keçirmişdiz. Bu, təcrübə üçün yetərli deyildi?

- Bu klubda yığma tam heyətlə oynamırdı. Çünki digər klublarda da oyunçularımız olduğundan daha aşağı yaş qruplarının üzvlərindən yararlanırdıq. Düzdü, həmişə məğlubiyyətdən sonra məşqçinin hakimləri qınaması birmənalı qarşılanmır. Amma bu faktor da əleyhimizə işlədi.

 

- Siz Latviya və Sloveniya ilə qarşılaşmalarda ilk seti qazansaz da, ardını gətirə bilmədiz. Halbuki, növbəti hissələrdə də hesabda öndə olurduz və son nöqtəni qoya bilmirdiz...

- Ev sahibləri ilə matçda 24:20 hesabı ilə irəlidəydik, yekunda 28:30 hesabı ilə uduzduq. Sloveniyalılarla oyunda da 23:21 hesabı ilə hissəni aktivimizə yazmağa yaxın idik. Lakin sonra tor verdilər, ardınca top meydançaya düşdü və yenə xal rəqibə “yazıldı”. Bilirsiz, gənc qızları “sındırmaq” asandı. Əsas yığmalarda belə 1-2 hakim səhvi voleybolçunu özündən çıxarır. Hakimləri qınamaq fikrində deyiləm. Amma hər tərəfdən bir az təzyiq olanda altından çıxmaq çətindi. Qızlar çox istəkli idilər. Məşqdə, oyunlarda bu aşkar görünürdü. Lakin “yandılar”.

 

- Fransa ilə qarşılaşmadan danışmadız. Həmin matçda çox zəif təsir bağışladız...

- İlk 2 matçı çox gözəl keçirdik. Son matçda məşqçilər korpusu olaraq biz də komandaya nə olduğunu düşünürdük. Şansımız da vardı. Biz Fransanı, Sloveniya da Latviyanı 3:0 hesabı ilə məğlub etsəydi, qrupda ikinci olurduq və mərhələ adlayırdıq. Həmin an qızlarda bir qədər məsuliyyət çatmadı. Federasiyaya təşəkkür edirəm ki, bizə çempionatda oynamağa şərait yaratdı. Amma Super Liqada əsas heyətlə mübarizə aparsaydıq, nəticə tam başqa olardı.

 

- Federasiya çıxışınızı necə qiymətləndirdi?

- Təbii ki, 3 məğlubiyyətdən sonra yaxşı qarşılanmağını gözləmək mümkün deyil. Nəticə vacibdi. Buradakı gələcək karyeramla bağlı nəsə deyə bilmərəm. Çünki nəticə verməyən məşqçi heç kimə lazım deyil. Bəlkə də hansısa dəyişikliklər olacaq. Amma bütün yekun qərarları federasiya verəcək.

 

- Artıq rəhbərlik etdiyiniz məşqçilər korpusunun istefaya göndərilməsi gündəmdədi?

- Bunu öz fikrim kimi deyirəm. Mən də federasiyada işləsəm, uduzan məşqçini saxlamağı düzgün saymıram. Lakin onların nə fikirləşdiyini deyə bilmərəm, bəlkə də başqa fikirdədilər. Konkret də dəyişikliyin olacağını demirəm. Məncə, Azərbaycan adına çıxan hər bir çalışdırıcı nəticə verməlidi. Burada idman növünün fərqi yoxdu. Mən bunu edə bilmədim. Hansısa cərimənin olacağı da istisna deyil. Yəni federasiyanın istənilən rəyini müsbət qəbul edəcəm. Onların hansısa sözünə qarşı çıxmağım da düz deyil. Ona görə ki, komandam uduzub, baş məşqçi kimi birinci təqsirkar mənəm. Hansısa bəhanə düzgün deyil, məsuliyyəti üzərinə götürməlisən.

 

- Super Liqada “Gənclik” mübarizəni dayandırsa, final mərhələsi davam edir. Üçüncü yer uğrunda ilk matçda “Azəryol” “Lokomotiv”ə 0:3, final seriyasında isə “Telekom” “Azərreyl”ə 1:3 hesabı ilə uduzdu. Proqnozlanızlarınız necədi?

- Fikrimcə, Ayşən Abduləzimovanın zədələnməsi ilə “Lokomotiv”in bəxti gətirmədi. Mövsümün əvvəlində gücünə görə də onların çempion olacağını düşünürdüm. Lakin legioner limitinə görə komanda əsas toppaylayıcıları Özgə Kırdarı deyil, gənc Yana Əzimovanı oynadır. Belə olmasaydı, “Lokomotiv” ən azı finalda idi. Üçüncü yer uğrunda görüşə gəlincə, “dəmiryolçular” oyunçu səviyyəsinə görə “Azəryol”dan güclüdü. Həm də Çempionlar Liqasında uğur qazana bilmədiklərindən onu burada sığortalamaq istəyindədilər. “Azəryol”da isə Ziya Rəcəbov gənc məşqçidi və əlbəttə, istəyir ki, komandasına ilk uğuru qazandırsın. Çünki “Azəryol” həmişə “dördlüyə” düşsə də, hələ medal qazana bilməyib.

 

- Super Liqada və avrokubokda uğur qazanmış təcrübəli baş məşqçi kimi finalda barədə də fikirləriniz maraqlıdı...

- “Azərreyl”in çempion olacağını düşünürəm. Həmişə ideal formada olmaq mümkün deyil. Məsələn, “Azəryol” az öncə əla formadaydı. Amma çempionatın sonunda gücləri bir qədər tükənib, zəif oynayırlar. “Telekom”da da müəyyən müddət səviyyə çox yüksəkdə idi. Hazırda fiziki cəhətdən bir az “axsayırlar”. “Azərreyl” isə əvvəl “axsaya-axsaya” oynasa da, son 2 ayda gözəl forma yığıb. “Telekom” “Rabitə”nin davamçısı sayılır və onlar son 7 ildə çempion olublar. Bu səbəbdən də “Azərreyl” əsas rəqibinin çempionluğunu dayandırmaq istəyindədi. Mənə elə gəlir ki, yekunda “Azərreyl” 3:1 hesabı ilə qalib gələrək, qızıl medallara yiyələnəcək. 

0