Qadın voleybolçular arasında Dünya Qran-prisinin əsas mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, mərhələ yarışlarının yekununa əsasən final mərhələsinə yüksələn 6 yığmanın adı dəqiqləşib.
Belə ki, avqustun 20-24-də Tokioda baş tutacaq həlledici mərhələdə Braziliya, Çin, Rusiya, Türkiyə, Belçika və Yaponiya komandaları ən güclünün adına aydınlıq gətirəcəklər.
Əsas mərhələnin yekununa əsasən müəyyənləşən simvolik yığmada isə son illərin dəyişməz Azərbaycan çempionu “Rabitə”nin 2 voleybolçusu yer alıb. Bunlar Nutsara Tomkomla Brenda Kastilyodur. Onlar müvafiq olaraq, Tailand və Dominikan Respublikası millilərinin heyətində ən yaxşılar sırasına daxil olublar.
Super Liqanın və Çempionlar Liqasının son mövsümünün ən yaxşı toppaylayıcısı olan Tomkom Qran-pridə ardıcıl 4-cü dəfə oyun qurucularının hamısını qabaqlayıb. Kastilyo isə müdafiəçilər arasında rəqibləri üçün əlçatmaz olub.
Qeyd edək ki, final mərhələsinə yüksələn yığmalar arasında Çin, Belçika və Yaponiya sentyabrda start götürəcək dünya çempionatında Azərbaycan millisi ilə eyni qrupda yer alıb.