“Rabitə”nin sabiq voleybolçusu Katarjina Skorupanın yeni iş yeri məlum olub. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin az öncə müqaviləni qarşılıqlı şəkildə pozduğu 30 yaşlı polşalı karyerasını İtaliyada davam etdirəcək.
Zədədən nə vaxt qayıdacağı dəqiqləşməyən toppaylayıcı “Kasalmaggiore” ilə müqavilə bağlayıb.
Qeyd edək ki, Skorupa 2012-2014-cü illərdə “Rabitə”nin formasını geyinib və bu komanda ilə 2 dəfə Azərbaycan çempionu adını qazanıb. O, həmçinin Bakı təmsilçisinin heyətində klublararası dünya çempionatının və Çempionlar Liqasının mükafatçısı olub.
Katarjina 2013/2014 mövsümünün sonunda “Rabitə” ilə 2 illik müqavilə bağlasa da, əməliyyat olunduğu üçün razılaşmaya qarşılıqlı şəkildə xitam verilib.