Azərbaycanda medal qazandı, 9 ay sonra mükafatını aldı
12.09.2014 - 16:19
Azərbaycanda medal qazandı, 9 ay sonra mükafatını aldı

Qadın voleybolçular arasında dünya çempionatına Azərbaycan millisinin rəqibi olan Belçika yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının bürünc mükafatçısı Almaniyada yerli yığma ilə üz-üzə gəlib.

 

Hər 2 komanda əsas heyəti sınaqdan keçirib və bu dueldə Almaniya rəqibimizə heç bir şans verməyib – 3:0 (25:19, 25:21, 25:11).

 

Matçın startı isə ötən mövsümü “Azəryol”da keçirən Marqareta Kozux üçün əlamətdar olub. Almaniya millisinin kapitanı ölkəsinin voleybol yazarları arasında keçirilən sorğunun nəticəsinə əsasən ardıcıl 5-ci dəfə qazandığı ilin oyunçusu mükafatına təxminən 9 ay sonra qovuşub.

 

Qeyd edək ki, Kozux “Azəryol”la Super Liqanın gümüş medalını qazanıb.