Azərbaycan voleybol tarixində yeni səhifə açılıb. Apasport.az saytının məlumatına görə, ölkəmizin qadınlardan və kişilərdən ibarət milli komandaları tarixlərində ilk dəfə Avropa Liqasında mübarizə aparacaqlar.
Artıq bu gün Avropa Voleybol Konfederasiyasının Lüksemburqdakı mənzil-qərargahında yarışın püşkatması olub. Kişi voleybolçuların turnirində 10 komanda iştirak edəcək ki, onlardan Azərbaycan, Makedoniya və Polşa Avropa Liqasında debüt edəcəklər. Bu yığmalardan əlavə, Sloveniya və Yunanıstan isə 1 illik fasilədən sonra yenidən yarışa qatılıb.
Qadınların yarışında 8 komanda gücünü yoxlayacaq. Turnirdə Azərbaycan, Polşa və Sloveniya yeni olduqları halda, Yunanıstan fasilədən sonra Avropa Liqasına qayıdıb.
Kişilər
A qrupu
Polşa, Yunanıstan, Monteneqro, Rumıniya, Azərbaycan
B qrupu
Türkiyə, Sloveniya, Avstriya, Danimarka, Makedoniya
Qadınlar
A qrupu
Turkiyə, Bolqarıstan, Azərbaycan, Sloveniya
B qrupu
Almaniya, Polşa, İspaniya, Yunanıstan
Qeyd edək ki, iyunun ilk həftəsi start götürəcək yarışın qrup mərhələsi ev-səfər sistemi ilə (qadınlar 2, kişilər 1 dövrə) keçiriləcək. Ardinca “Dördlər finalı”nın ev sahibi müəyyənləşəcək, qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi ona qoşulacaq. Həlledici mərhələdə qadın voleybolçular iyulun 18-19-da, kişi idmançılar 19-20-də münasibətlərinə aydınlıq gətirəcəklər. Avropa Liqasının qalibləri isə Dünya Liqasına və Qran-prisinə birbaşa vəsiqə qazanacaq.