Kamerun Azərbaycana potensial rəqib oldu
04.03.2014 - 13:37
Kamerun Azərbaycana potensial rəqib oldu

Sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının final mərhələsində Azərbaycan millisinin daha bir potensial rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Kamerun millisi mundiala vəsiqə qazanan 18-ci iştirakçı olub.

 

Onlar qrupda 1-ci olmaqla dünya çempionatına yüksəliblər. Kamerunlular əsas rəqibləri Misiri 1 xal qabaqlayıblar (13 xal).

 

Bununla Afrika zonasında da DÇ-2014-ün seçmə mərhələsi başa çatıb. Burada Kamerundan öncə Tunis yığması da eyni sevinci yaşamışdı.

 

Bu yığmalara kimi isə meydan sahibləri İtaliya, Avropa çempionatının finalçıları Rusiya ilə Almaniya, həmçinin “köhnə qitə”nin digər təmsilçiləri Azərbaycan, Türkiyə, Belçika, Xorvatiya, Bolqarıstan, Serbiya, Hollandiya, Asiya və Okeaniyanın 4 komandası – Yaponiya, Çin, Tailand, Qazaxıstan və Cənubi Amerikadan Braziliya ilə Argentina milliləri 24 komandanın mübarizə aparacağı dünya çempionatında iştirak hüququ qazanmışdı.

Qeyd edək ki, 6 vəsiqənin sahibi Karib Dənizi Hövzəsi ölkələrinin (NORCECA) iyuladək keçiriləcək seçmə oyunlarında müəyyənləşəcək. Yarışın püşkatması isə martın 10-na təsadüf edəcək.