Məmmədovanın komandasından geriyə addım
08.04.2014 - 08:18
Məmmədovanın komandasından geriyə addım

Qadın voleybolçular arasında Rusiya Superliqasında XX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” autsayder “Ufimoçka”nın qonağı olub.

Təmsilçimizin zədə səbəbindən meydana çıxmadığı görüş Omsk klubu üçün çətin alınıb. “Ufimoçka” matçı tay-brekə daşısa da, bundan artığına gücü çatmayıb - 2:3 (22:25, 25:16, 27:25, 13:25, 13:15).

Xal itkisi isə “Omiçka”ya baha başa gəlib. Onlar uzun müddət qərarlaşdığı ikinci pilləni əldən veriblər. Aktivində 40 xalı olan Məmmədovanın komandası üçüncü yerə enib.

Qeyd edək ki, Rusiya çempionatında Kazan “Dinamo”su 50 xalla liderdir. Onlardan 9 xal az toplayan Krasnodar “Dinamo”su isə ikincidir.