Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2014/2015 mövsümündə mübarizə aparacaq klubların sayına aydınlıq gəlib. Apasport.az saytının əldə etdiyi məlumata görə, ölkə çempionatının yeni mövsümündə komandaların sayında və adında dəyişiklik olmayacaq.
Belə ki, hər yeni ildə hansısa klubumuzun dağılması - tarixin yaddaşına köçməsi bu siyahıda dəyişikliyə səbəb olurdu. Amma bu dəfə “ənənə” pozulub.
Çünki 2013/2014 mövsümünün startında “Lokomotiv Biləcəri”nin dağılması (ondan əvvəlki illər “Bakı”, “Şirvan” və s...), “Azərreyl”in “Azəryol”la adını dəyişməsi xoş “sürpriz” olmuşdusa, bu dəfə komanda rəhbərləri bundan yayınıblar. Əvəzində yeni ildə çempionatın bir qədər maraqsız keçəcəyi gözlənilir.
Birincisi və ən əsası, “İqtisadçı” əvvəlki iddiasında əl çəkib, ortabab kluba çevriləcək, “Azərreyl” gənclərə güvənəcək, “Telekom” isə həmişəki kimi əsas komandası “Rabitə”yə oyunçu qazandırmağa çalışacaq.
Belə olan halda, mükafatlar uğrunda “Rabitə”, “Azəryol” və “Lokomotiv” mübarizə aparacaq ki, burada da sonunculara “bürünc”dən artıq pay düşməyəcək.
Maraq üçün onu da bildirək ki, bir çox ölkələrdə klubların adları, yeni mövsümün start götürəcəyi gün, hətta çempionatın təqvimi rəsmən açıqlanıb. Lakin bizdə ulduzların oynamasına və Avropada aparıcı ölkəyə çevrilməyimizə baxmayaraq, oyunların başlamasına bir neçə gün qalmışı gözləməliyik.
Qeyd edək ki, komandaların sayı dəqiqləşsə də, hələ reqlamentə tam aydınlıq gəlməyib. Təsdiqlənəcək qaydaların isə mövsümün gedişində dəyişilməsinə də zəmanət vermək çətindir.