
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mənzil-qərargahında növbəti iclas keçirilib.
Apasport.az xəbər verir ki, federasiyanın vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə baş tutan toplantıda milli komandaların məşqçiləri ilə yanaşı, həkim və inzibati heyətin digər əməkdaşları da iştirak ediblər.
Əvvəlcə Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilmiş Avropa çempionatının yekunlarına dair məşqçilərin hesabatı dinlənilib. Böyüklər, gənclər, yeniyetmələr və qadınlardan ibarət yığma komandaların heyətində yer alan atletlərin nəticələri ilə bağlı inkişaf dinamikası ayrı-ayrılıqda nəzərdən keçirilib. Vitse-prezident Firdovsi Umudov komanda daxili ab-hava və nizam-intizam məsələlərinin prioritet olduğunu bir daha diqqətə çatdırıb.
Daha sonra hazırda reabilitasiya dövrü keçən idmançıların vəziyyəti ilə bağlı həkim heyətinin rəyi öyrənilib. İclasda həmçinin yığma komandaların qarşıdan gələn təlim-məşq toplanışları ilə bağlı konkret tapşırıqlar verilib. Bu hazırlıqların təşkilində məqsəd ilin vacib yarışlarına (VI İslam Həmrəyliyi Oyunları, dünya çempionatı, gənclər və yeniyetmələrin Avropa birincilikləri) yollanacaq heyətin formalaşdırılmasıdır.
Toplantının sonunda federasiya daxili cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.