![Azərbaycan avarçəkənləri Avstriyada 5 medal qazanıblar](https://apasport.az/storage/news/2024/july/01/big/66829d692a78966829d692a78a171983600966829d692a78766829d692a788.jpeg)
Azərbaycan avarçəkənləri Avstriyanın paytaxtı Vyanada təşkil olunan ənənəvi beynəlxalq "Vyana Reqatası"nda 5 medal qazanıblar.
Apasport.az Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 120-ci dəfə təşkil olunan reqatada iştirak edən Azərbaycan avarçəkənləri 2 qızıl, 1 gümüş, 2 bürünc medal əldə ediblər.
Böyüklər arasında akademik avarçəkmə üzrə yığmamızın lideri Bəhmən Nəsiri 2000 metr məsafəyə yürüşdə A finalında qızıl medala sahib olub. Murad Sadıxov üçüncü yer tutub. Eyni məsafədə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə A finalında finişi ikinci keçib.
Gənclər arasında Nurlan Paşayev 2000 metr məsafədə A finalında birinci olub. Yeniyetmələr arasında bir nəfərlik qayıqda 1500 metr məsafəyə yürüşdə Azər İlyasov A finalında bürünc medal qazanıb.