“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu qrup öncəsi son püşkatma zamanı böyük ehtimalla səpələnməmişlərin sırasında yer alacaq.
Çünki pley-offa qədər irəliləməsi gözlənilən komandalardan 4-nün reytinqi Ağdam təmsilçisindən yüksəkdir.
“Kopenhagen” (Danimarka) və “Trabzonspor” (Türkiyə) yarışa pley-offdan qoşulacaq. Onlardan danimarkalılar səpələnmişlərdə, Türkiyə çempionu səpələnməmişlərdə olacaq.
Cütlüklərdə hər hansı bir sensasiya baş verməsə və favoritlər yoluna davam etsə, “Qarabağ”ın həlledici raunddakı potensial rəqibləri “Kopenhagen”, “Olimpiakos” (Yunanıstan), “Srvena Zvezda” (Serbiya) və Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su (Xorvatiya) olacaq.
Zəiflərin sırasına düşməsi gözlənilən klublardan isə təkcə “Viktoriya”nın (Çexiya) reytinqi “Qarabağ”dan yüksəkdir.
Əgər “Dinamo”, “Srvena Zvezda”, “Olimpiakos” və “Viktoriya”dan ikisi mərhələ adlaya bilməsə, o zaman Azərbaycan çempionu püşkatmada güclülərin sırasında qərarlaşacaq və potensial rəqiblərdən biri “Trabzonspor” olacaq.
Qeyd edək ki, pley-off mərhələsinin püşkü avqustun 1-də atılacaq. I təsnifat mərhələsində “Lex”i (Polşa) üstələyən “Qarabağ” (0:1, 5:1) növbəti raundda İsveçrə çempionu “Sürix”lə qarşılaşacaq.
- AFFA Premyer Liqa klublarının akademiyalarına yerində ziyarət və qiymətləndirmə prosesini başa çatdırıb
- Azərbaycan çempionatında pley-off matçlarının püşkü atılıb
- "Azərreyl" millimizin üzvü ilə müqavilə yeniləyib
- "İnter"i turun açılış matçında məğlub etdilər
- Qurbanov Nərimanın gedişi barədə: "Onu da başa düşmək lazımdır"