Kurban Berdıyev: “Mən şərtlərdən razıyam”
12.04.2026 - 20:54
Kurban Berdıyev: “Mən şərtlərdən razıyam”

Misli Premyer Liqasının XXVII turunun "Turan Tovuz" - "Sumqayıt" matçından (2:1) sonra ev sahiblərinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Çox vacib qələbə idi. Futbolçularda ilk dəqiqələrdə həyəcan hiss olunurdu. Allah şükürlər olsun ki, qələbə qazandıq".

- Oyunun ikinci hissəsində həyəcan daha çox hiss edilirdi. İki qoldan sonra arxayınçılıq yarandı? 
- 2:0-dan sonra çalışdıq ki, hesabı qoruyaq. Bir qol da buraxdıq. Şükürlər olsun ki, hesab 2:2 bitmədi.

- Meydançanın vəziyyəti necə idi? 
- Çox yaxşı idi. Ümid edirik ki, həmişə belə qalacaq. Klubun prezidentinə təşəkkür edirik ki, belə şərait yaradılıb. Çünki süni meydanda oynamaq çox çətindir.

- Əliyar Ağayev bu oyuna təyinat alsaydı, etiraz edərdiniz? 
- Nə etmək olar? Oynamaq lazımdır. Amma hakimlərdən heç kimi tanımıram.

- "Turan Tovuz" bu qələbə ilə "Qarabağ"a bir az da yaxınlaşdı. Artıq xal fərqi 4-ə enib. Bu onu göstərir ki, "Turan Tovuz" ikincilik uğrunda mübarizə aparır? 
- Biz bu barədə bir neçə dəfə danışmışıq. Bizim üçün vacib olan növbəti görüşdür. Hər şey Allahın əlindədir. Vacib olan növbəti oyundur.

- "Turan Tovuz" avrokuboklara neçə faiz hazırdır? 
- İndidən fikir bildirmək çətindir. Heyətin möhkənlənməsindən və kimlərlə möhkəmləməyindən asılıdır. İndidən danışırıq. Amma hələ gedib ora çatmamışıq.

- "Turan Tovuz" avrokuboklara düşsə, ev oyunlarını Tovuzda oynamaq istəyərsiz?
Əlbəttə. Tovuz bizim şəhərimizdir, bura bizim meydançamızdır. İstəyərdik.

- "Turan Tovuz"la müqaviləniz mövsümün sonunda bitir. Müqavilə müddətini artıracaqsız? 
- Mən şərtlərdən razıyam. Amma qərarı klubun prezidenti verməlidir.