Murad Musayev: "Bu heyətlə Premyer Liqada oynamaq çətindir"
09.06.2025 - 11:56
Murad Musayev: "Bu heyətlə Premyer Liqada oynamaq çətindir"

"Qəbələ"nin müdafiəçisi Murad Musayev apasport.az saytına müsahibə verib. O, komandasının Premyer Liqaya yüksəlməsindən və oradakı perspektivindən bəhs edib.

- "Qəbələ" başa çatan mövsümü Birinci Liqada çempion kimi başa vurdu. Ümumi sezon ehtimal etdiyiniz kimi keçdi, yoxsa daha çətin və ağır alındı?
- Sözün düzü, bizim üçün rahat olmadı. Çünki Birinci Liqada oynamaq rahat deyil. Bunu həmişə demişəm. Oranın öz çətinliyi var. Buna baxmayaraq, biz öz istəyimizə çata bildik. Şadam ki, çempion olaraq, geri qayıtdıq.

- "Qəbələ"nin məğlubiyyətsizlik seriyası davam edə bilərdi, amma sezonu məğlubiyyətlərlə başa vurdunuz. Səncə, uduzmamaq mümkün deyildi?
- Məncə, bu da mümkün idi. Sadəcə çempion olmağımız o biri oyunlara köklənmək sarıdan bir az istər-istəməz təsir edirdi. Amma ümumən baxsaq, uzun müddət məğlub olmamaq da yaxşı nəticə idi. Həqiqətən maraqlı və bir o qədər də gərgin mövsüm keçdi.

- Adətən Premyer Liqanı tərk edən klublarımız geridönüş edə bilmir, yüksək liqaya qayıtmır, fəaliyyətini də dayandırır...
- Geridönüş etmək üçün amillər çoxdur. İlk növbədə, klub olaraq ciddi yanaşmalısan ki, futbolçular da bunu hiss etsin və oyunlara, məşqlərə məsuliyyətlə çıxsınlar. Düşünsünlər ki, mütləq şəkildə əsas liqaya qayıtmaq lazımdır. Bu anlamda bizdə hər şey düzgün idi. Onun nəticəsində də geri qayıda bildik. Buna görə də biz xoşbəxtik.

- Yeni mövsüm Premyer Liqa üçün planlaşdırılan heyətdə özünə yer görürsən? Klub sənə yeni müqavilə təklif edib?
- Hələ ki, bir illik müqaviləm var. 

- Necə düşünürsən, ümumiyyətlə, "Qəbələ" Birinci Liqadakı heyəti ilə Premyer Liqada ən azından orta sıralarda yer ala bilər?
- Təbii ki, bu heyətlə Premyer Liqada oynamaq çətindir. Heyəti gücləndirmək işinə isə təbii ki, klubda baxırlar. Allah qoysa, gözəl şəkildə geri qayıdacağıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq. Biz öz işimizə ciddi yanaşırıq. Uğurlu alınacağına inanıram.