Nicat Qurbanov: "Portuqaliyanın III liqasından futbolçu gətirmək biabırçılıqdır" - MÜSAHİBƏ
14.07.2025 - 16:22
Nicat Qurbanov: "Portuqaliyanın III liqasından futbolçu gətirmək biabırçılıqdır" - MÜSAHİBƏ

“Neftçi”, “Zirə”, “Samtrediya” (Gürcüstan) kimi klublarda oynamış, artıq 2 ilə yaxındır ki, ABŞ-da yaşayan Nicat Qurbanov Apasport.az saytına müsahibə verib.

- Hazırda ABŞ-də işlərin necə gedir? Futbol sahəsində özünə iş qura bildin?
- Şükürlər olsun, işlərim pis deyil. Futbolda hər şey yaxşı gedirdi, amma başqa ştata köçdüyüm üçün hər şeyi yenidən başlamağa məcbur oldum. Ona görə futbola bir az ara vermişəm.

- Maraqlıdır, ABŞ-da futbol məktəbi açmaq Azərbaycandakı prosesdən daha çətindir?
- Burada hər bir işi rəsmi şəkildə qurmaq üçün lisenziya tələb olunur. Əgər işi qeydiyyatdan keçirmək istəyirsənsə, müəyyən şərtlər var. Bu, çətin proses deyil, amma işi dərindən araşdırmaq və öyrənmək lazımdır.

- Azərbaycan futbolundan kənardasan. Düşünürsən ki, kənardan futbolumuzdakı bütün problemləri daha aydın görmək mümkündür?
- Əlbəttə. Ən çox nəzərə çarpan problem odur ki, Premyer Liqada 12 komanda var, amma məşq etmək üçün meydança çatışmır. Bu, futbol üçün ciddi problemdir. Belə şəraitdə inkişafdan tam danışmaq mümkün deyil.

- Səncə, Azərbaycan futbolundakı ən böyük problem nədir? FİFA reytinqində millimiz daha da aşağı pillələrə düşdü. Fernandu Santuşun millimizdəki performansı barədə nə düşünürsən? Bizə Santuş lazımdır?
- Açığı, Santuşun bizə fayda verəcəyini heç vaxt düşünməmişəm. O, zəif komandalarla belə uğur qazana bilməz. Məncə, onun məşqçi kimi “avtoriteti” yoxdur. Bu isə bizim kimi millilər üçün ciddi problemdir.

- AFFA-nın yeni qərarına əsasən, 2025/2026 mövsümündən Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Bu qərar yerli futbolçular arasında narahatlıq yaradıb. Bu qərarın Azərbaycan futboluna təsiri necə olacaq?
- Limit məsələsi ilə bağlı fikrimi əvvəldən bildirmişdim. Bu qərardan ən çox əziyyət çəkəcək milli komandamız olacaq. Limiti yalnız sənin əlində xaricdə oynayan ən azı 10 yerli futbolçu olanda dəyişmək olar. Bu qərar, həmçinin yerli futbolçuların yetişməsinə mənfi təsir göstərəcək. Artıq görürəm ki, lazımsız legionerlər harasa tapılıb gətirilir. Məsələn, Portuqaliyanın III liqasından futbolçu gətirmək biabırçılıqdır.

- Avropada top klublarda çıxış edən azərbaycanlı futbolçu yoxdur. Gürcüstanla müqayisə edilir, onlar çox futbolçu göndərir. Səncə, nə vaxt azərbaycanlıları Avropada görəcəyik?
- Bizim futbolumuz Gürcüstanla müqayisə ediləcək səviyyədə deyil. Kvara Klublararası Dünya Çempionatının finalında oynayır, Giorgi Mamardaşvili isə “Liverpul”da debüt etdi. “Lion”un hücumçusu Mikautadze karyerasının ən yaxşı dövrünü yaşayır. Zuriko Davitaşvili “Sent-Etyen”in aparıcı üzvlərindəndir, Giorgi Xoçorava isə “Sportinq”ə keçib. Bunları necə müqayisə etmək olar? Yerli futbolçularımız bu gedişlə inkişaf edə bilməyəcəklər. Zəif çempionatlarda qalacaqlar, amma irəli getmək böyük problemdir. Səbəb xarakterin olmamasıdır. İki-üç oyun oynayan kimi rahatlaşırlar. Avropada isə stabillik önəmlidir. Bir mövsüm yaxşı oynayıb dərhal güclü komandaya keçmək mümkün deyil. Bir neçə mövsüm ardıcıl yüksək səviyyədə oynamaq lazımdır ki, top-5 liqalardan birinə transfer olasan.

- Uzun illərdir ki, avrokuboklarda əsas mərhələdə tək qalan “Qarabağ”a digər klublarımız yol yoldaşı ola biləcək? “Araz-Naxçıvan”, “Sabah” və “Zirə”nin işi çətin görünür?
- Bu il avrokuboklarda təmsilçimiz olmaya da bilər. Belə bir risk var. “Qarabağ” artıq əvvəlki “Qarabağ” deyil. Klub ciddi dəyişikliklər ərəfəsindədir və bu tam normaldır - bu dəyişikliklər çoxdan baş verməli idi. Əlbəttə, istərdim ki, bir neçə təmsilçimiz avrokuboklarda iştirak etsin, amma reallıqda bu o qədər də mümkün görünmür. Yenə də hamısına uğurlar arzulayıram.

- Doğma “Neftçi”dəki prosesləri necə qiymətləndirirsən? Çox oyunçu göndərildi, yeni futbolçular gəldi. Samir Abasov uğur gətirə biləcək?
- Futbol azarkeşi kimi istəyirəm ki, çempionatımız rəqabətli olsun. Bunun üçün “Neftçi” rəqabətə davamlı olmalıdır - həmişə belə olub. Son illər “Neftçi” üçün uğursuz keçib. Ötən mövsüm transferlər bərbad idi. Bu mövsüm barədə yalnız sonda nəsə demək doğru olar. Yerli futbolçuların seçimi yaxşıdır, amma legionerlərin nə göstərəcəyini zaman göstərəcək. Samir müəllimə və futbolçulara uğurlar arzulayıram.