Saşa İliç: "Qazansaq da, oyundan tam razı qalmadım"
30.01.2026 - 17:17
Saşa İliç: "Qazansaq da, oyundan tam razı qalmadım"

"Sumqayıt" Misli Premyer Liqasının 18-ci turunda səfərdə "Karvan-Yevlax"ı 2:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox vacib matç idi. Qalib gəlsək də, oyundan tam razı qalmadım. Bəzi məqamlarda ötürmələr vaxtında edilmirdi. Cərimə zərbələri zamanı çoxlu səhvlərimiz oldu. Bunun nəticəsində müəyyən problemlər yaşadıq. Bu problemləri aradan qaldırmaq lazımdır.

- Nihad Orucəli bu gün Premyer Liqada debüt etdi. Onun performansını necə dəyərləndirirsiniz?

- Təlim-məşq toplanışına kifayət qədər gənc futbolçular aparmışdıq. Sevindirici haldır ki, bu gün Nihada şans verdik. Döyüşdü, mübarizə apardı. Məncə, qənaətbəxş performans göstərdi.

- Pedro Pinto ilə yolların ayrılmasının səbəbi nədir?

- Bu, futboldur, belə şeylərin olması normaldır. Ona təklif gəldi və dəyərləndirdi. Pedronun mövqeyində oynada biləcəyimiz futbolçular var.

- İlk hissədə "Sumqayıt" üstün oynadı. İkinci yarıda isə oyun bərabər getdi. Bu, sizin tapşırığınız idi?

- Əvvəl də qeyd etdim ki, bu, bizim səhvlərimizdən irəli gələn bir şey idi. Ötürmələrdə səhvlər çox oldu. Buna görə də oyunun tempi aşağı düşdü. 

- "Zirə" ilə həm kubokda, həm də çempionatda qarşılaşacaqsız. Heyətdə rotasiyalar edəcəksiz?

- Hər iki oyun bizim üçün çox vacibdir. Amma indi dəqiq nəsə deyə bilmərəm. Hələ kifayət qədər vaxt var. Zədələr ola bilər.