Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
29.10.2026 - 10:12
Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir

“Fənərbaxça”nın baş məşqçi postuna əsas namizədlərdən biri olan Aykut Kocamanın kluba qayıtmaq üçün şərti bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb.

Təcrübəli mütəxəssis klubun futbol direktoru Oğuz Çetinin vəzifəsindən ayrılacağı təqdirdə “Fənərbaxça”dan gələcək təklifə müsbət yanaşmağa hazırdır.

Buna səbəb Kocamanla Çetin arasında daha əvvəl yaranmış narazılıqdır.

Belə ki, mövsümün əvvəlində tərəflər “Fənərbaxça”nın yeni mövsüm üçün planlaşdırılması, transferlər və komandanın heyəti ilə bağlı birlikdə çalışıblar. Lakin baş məşqçi təyinatı ilə bağlı danışıqlar yekunlaşmamış tərəflər arasında əlaqə kəsilib.

Kocaman daha əvvəl yaydığı açıqlamada iyunun 16-da Oğuz Çetinlə son telefon danışığından sonra əlaqələrinin qəfil dayandığını bildirib. O, klub rəhbərliyinin İsmail Kartalı baş məşqçi təyin etmək qərarından isə mətbuat vasitəsilə xəbər tutduğunu açıqlayıb.

Bu hadisə tərəflər arasında münasibətlərin korlanmasına səbəb olub. İndi Kocamanın yenidən “Fənərbaxça”ya rəhbərlik etməsi üçün Çetinin klubdan ayrılması əsas şərt kimi göstərilir.

Qeyd edək ki, “Fənərbaxça” oktyabrın 27-də İsmail Kartalla yollarını ayırıb.