Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi yığma C Divizionunda Mozambik millisi ilə üz-üzə gələcək.
Qarşılaşma bu gün saat 11:30-da Hövsan Yarış Kompleksində başlayacaq.
Bu görüşün qalibi Kuba – Vyetnam qarşılaşmasında üstün olan komanda ilə, məğlubu isə həmin oyunda uduzan tərəflə qarşılaşacaq. Məğlubların oyunu saat 18:15-də, qaliblərin görüşü isə 19:30-da keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Komandamız qrup mərhələsində Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili 3:1 hesabı ilə məğlub edib. Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.
Yığmamız 81–96-cı yerlər uğrunda mübarizə apardığı C Divizionunda əvvəlcə Çiliyə 1:3 hesabı ilə məğlub olub, daha sonra Cəbəllütariqi 5:1 hesabı ilə üstələyib.
Xatırladaq ki, 189 ölkənin təmsil olunduğu mundialda 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Oktyabrın 30-da başa çatacaq turnirin final qarşılaşması Bakı Kristal Zalında təşkil olunacaq.