Misli Premyer Liqasının VII turunda "Sumqayıt" "Qəbələ"ni qəbul edib - 4:1.
Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Yeton Bekirinin mətbuat konfransı keçirilib.
"Erkən qollar buraxdıqdan sonra çətin oldu bizə toparlanmaq üçün. Əvvəlki oyunlara baxmışdım və asanlıqla qollar buraxdığımızı görürdüm. Bu problemi aradan qaldırmaq üçün buradayıq".
- Komandanı tam formalaşdırmaq üçün sizə nə qədər vaxt lazımdır?
- Əlbəttə ki, vaxt çox lazımlı bir məqamdır. Oyunun əvvəlində 3 zərbənin üçünün də qol olması çox çətindir. Güclü komandalar da bu məqamlarda geridönüş etməkdə çətinlik çəkirlər. Bizə vaxt lazımdır. Düşünürəm ki, bu və digər çatışmazlıqları aradan qaldıracağıq.
- Növbəti turda son çempion "Sabah"la qarşılaşacaqsınız. Qısa müddətdə nələri dəyişməyi düşünürsünüz?
- Premyer Liqa çox güclü liqadır. "Sabah" yaxşı komandadır. Qısa müddətdə nəyi bacarırıqsa, dəyişməyə çalışacağıq.
- Adətən, mövsümün gedişatında gələn baş məşqçi sonda uğur qazanmayanda komandanı özünün qurmadığını qeyd edir...
- Bu barədə şikayət etməyəcəyəm. Mən buraya işləməyə gəlmişəm. Komandamdakı futbolçularla birlikdə çalışıb sonda əlimizdən gələni etməyə çalışacağıq.