Misli Premyer Liqasının IX turunda "Neftçi" "Turan Tovuz"u qəbul edib.
Apasport.az xəbər verir ki, matçdan sonra "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib.
- Oyunun gedişatını nəzərə alsaq, bir xalı aktivə yazmaq olar?
- Mənə xal qazandıq, yoxsa itirdik, bunu demək çətindir. Birinci 20 dəqiqə oyun istədiyimiz kimi getmədi. Demək olar ki, ilk 20 dəqiqə ərzində "Turan Tovuz" daha kəskin oynayırdı. Sonradan müdafiəçimizin səhvi ucbatından azlıqda qalmalı olduq. Azlıqda qaldıqdan sonra daha yaxşı oynamağa başladıq. Biz bir qol da vurduq və fasiləyə üstünlüklə yollandıq. Mən onda da bilirdim ki, bizim üçün çətin olacaq. Bu cür komandaya qarşı azlıqda oynamaq çətin olacaqdı. Ona görə də 5 müdafiəçi ilə oynamağa başladıq, üç nəfər də mərkəzdə, bir nəfər də hücumçu. Demək olar ki, bütün mövqeləri bağlamışdıq. Buraxılan qola qədər onların epizodu olmamışdı. Ondan sonra qol buraxdıq, rəqibin də yenə qol imkanı oldu. Emil Balayevə təşəkkür edirəm ki, bizi təhlükədən xilas etdi. Bütün faktları nəzərə alsaq, əsas odur ki, bu gün uduzmadıq. Sabah "Sabah"- "Qarabağ"ın oyunu olacaq. Şəxsi fikrim odur ki, biz iki xalı itirdik. Siz məni buna görə tənqid edə bilərsiz, amma mən həmişə istəyirəm ki, bütün matçları udaq. İşləməyə davam edəcəyik.
- Özünüz də müdafiəçi olmusuz. Müqayisə aparsaq, müdafiəçinin bu cür qırmızı vərəqəsinə nə ehtiyacı var idi? Onu cərimələməyə ehtiyac var?
- Nə deyim? Mən bilmirəm onların beynində necə düşüncələr olur. Təəssüf ki, futbolçuların beyninə girə bilmirəm ki, nəyə görə belə etdiyini bilim. Anlamıram. Çox sadə məqam idi. Orada dayandı, niyə dayandı? Topu çölə çıxara bilərdi. Topa qədər də məsafəsi 7 metrə idi, İbrahima Vadjinin isə 14 metr məsafəsi var idi. Əgər biz müdafiədən danışırıqsa, müdafiə daim hərəkətli olmalıdır, piyada gəzməsin. Bizim müdafiəyə elə pressinq də yox idi. 10 aydır ki, buradayam. Onun üzərində işləyirəm, görünür ki, pis işləmişəm. Daha çox üzərində işləməyə davam edəcəm.
- Çempionatda əsas rəqib "Qarabağ", "Sabah", "Turan Tovuz" və "Zirə"dir. Bu oyunlarda qələbə qazana bilmədiz. Çempionluq yolunda irəliləyən "Neftçi" üçün bu məqam sizi nə qədər narahat edir?
- Mən hər zaman qalib gəlmək istəyirəm. Mənim üçün çox ağrılıdır. Belə imkan da var idi. "Qarabağ"ı 3:1 udurduq, sonda 3:3 oldu. "Sabah"la görüşdə də qələbə qazana bilərdik. Əsas odur ki, bu görüşlərdə artıq uduzmuruq. Onlarla bərabər səviyyədə gedirik.
- Emin Mahmudovun oynamaması nə ilə bağlıdır?
- Mikrozədəsi var idi. Hətta iştirak ərizəsinə də daxil etməmişdik.
- İqor Ribeyronun "Turan Tovuz"la görüşlərdə üçüncü qırmızı vərəqəsidir. Bəlkə onun "Turan Tovuz"a qarşı aqressiyası var?
- Deməzdim ki, aqressiya var. Müdafiəçinin səhvi var idi, topun üzərinə daha tez getmək lazım idi. Düşünmürəm ki, o bu cür sərt oynasın və rəqibi zədələsin. Dünən Ukrayna çempionatında "Dinamo"nun oyununda "Dinamo" - "Kudrivka" matçında İVan Petryak zədələndi, çox sərt zədə aldı, kəllə sümüyə də çatladı. Aqressiya yox idi, başbaşa toqquşdular.Yaxşı ki, hər şey yaxşı bitdi. Ən önəmlisi sağlamlıqdır.
- Bakıda U-15 dünya çempionatı keçirilir. Ora getməyi planlaşdırırsız?
- Oyunların qrafikini öyrənmək lazımdır. Amma o qədər işim var ki, çətindir. 9-da bazada oluram, 7-də oradan çıxıram. Hətta bəzi məşqçilərim axşam 11-12-də də çıxır işdən. Çünki rəqiblərimizi öyrənməliyik. Yaxşı analizlərimiz olur. Çox yaxşı təhlillərimiz olur, amma bəziləri buna niyə diqqətlə qulaq asmır, maraqlıdır. Çoxdulli komandadır, ispan, fransız, ingilis dilində də danışırıq. Bəlkə də hamısı tərcüməni başa düşmür, baxmayaraq ki, yaxşı tərcüməçilərimiz var. Üç dili öyrənmək də çətindir. Azərbaycan dilini öyrənmək daha asandır, çünki burada yaşayıram, sizinlə kontakt qururam.
- Demək olar ki, milli fasilədən sonra ən zəif oyununuz oldu?
- Bu sizin fikrinizdir, nəsə deyə bilmərəm. Mən bir az başqa fikirdəyəm. “Qarabağ”la açıq futbol oynadıq, 1:5 olmuşdu. Bizim yaxşı epizodlarımız da oldu. “Qarabağ”la oyunumuzdan çox xoşum gəlmədi. Olduğu kimi deyirəm. orada da daha çox topsuz idik, nəinki topla. Bu gün isə ona görə belə alındı ki, azlıqda idik və daha çətin idi oynamaq. Bunu həzm edib, irəliyə baxmaq lazımdır.
- Yığma komandamız Gümüş Avropa Liqasının ilkin mərhələsində son matçına çıxacaq
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"
- A Seriyası: “Yuventus” “Napoli”ni məğlub edib
- Azərbaycan cüdoçuları Bad-Blankenburqda keçirilən beynəlxalq düşərgəyə qatılıb
- "Kocaelispor" Ramil Şeydayevlə yollarını ayırdı