“Ordu”nun baş məşqçisi: “Artıq beşinci dəfədir ki…”
14.04.2025 - 18:28
“Ordu”nun baş məşqçisi: “Artıq beşinci dəfədir ki…”

“Pley-in mərhələsində qalib gəlib play-off-a vəsiqə qazandığımıza görə çox şadam”.

Apasport.az xəbər verir ki, bunu “Ordu”nun baş məşqçisi Alberto Blanko bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında "Quba" ilə keçirdikləri oyunu şərh edərkən deyib.

Mütəxəssis bildirib ki, bu nəticə onların ilk uğurudur: "Artıq beşinci dəfədir ki, “Quba”ya qalib gəldik. Halbuki mövsümün əvvəlində 30 xal fərqlə uduzmuşduq. Ardıcıl oyunlardakı qələbələr gündəlik gərgin məşqlərin və oyun keyfiyyətinin artırılması ilə bağlıdır. Bundan sonra “Quba” ilə lap 10 oyunda qarşılaşsaq belə, mən inanıram ki, yenə də yaxşı mübarizə aparıb qalib gələrik”.

O, rotasiyaların oyunun gedişatına təsirindən də danışıb: “Bu gün heyətdəki cüzi rotasiyalarla 3 hissə ərzində oyuna nəzarəti öz əlimizdə saxlaya bildik. Yalnız sonuncu periodda bir qədər çətin vəziyyətlə üzləşdik. Bununla belə özümüzü itirmədik və ağıllı oynayaraq play-off-a vəsiqə qazandıq. Artıq bu qarşılaşmanı yaddan çıxarıb bütün fikrimizi play-off mərhələsində “Neftçi” ilə görüşə yönəldəcəyik”.

Qeyd edək ki, “Ordu” bu gün keçirilən qarşılaşmada "Quba"ya 92:88 hesabı ilə qalib gəlib.