Şəkidə cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramına start verilib - FOTO
13.05.2025 - 18:33
Şəkidə cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramına start verilib - FOTO

Azərbaycan Cüdo Federasiyası Şəkidə şimal-qərb regionundan olan cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramının icrasına start verib. 

Apasport.az xəbər verir ki, proqramın ilk günündə 3 sessiya təşkil olunub. “Təhlükəsiz idman” mövzusunda keçirilmiş seminarda 13 yaşa qədər azyaşlı yeniyetmələrdə təhlükə yarada biləcək fəndlər və texnikalar barədə məlumat verilib. Bu yaş kateqoriyasına aid cüdoçulara həmin fəndlərin tətbiqinin qadağan olunduğu bir daha xatırladılıb. Məşqçilərə bu məsələyə xüsusilə diqqətlə yanaşmaları tövsiyə olunub. Seminar zamanı beynəlxalq təcrübəyə əsaslanan elmi istinadlı məqalələrdən istifadə edilib.

Ardınca hakim Vüsal Əliyev tərəfindən Beynəlxalq Cüdo Federasiyası tərəfindən tətbiq edilmiş yeni qaydalarla bağlı təlim keçirilib. Qarşılıqlı diskussiya formatında keçən seminarda məşqçilərin sualları ətraflı cavablandırılıb.

Günün son praktiki sessiyası isə “ashi-waza” — ayaq texnikaları mövzusuna həsr olunub. Bu sessiyada fəndlərin icrası təlimatçılarla yanaşı, təcrübəli məşqçilər tərəfindən də nümayiş etdirilib. Bununla regionda təcrübə mübadiləsinin aparılması hədəflənib.

Qeyd edək ki, peşəkar inkişaf proqramı 6 gün davam edəcək. Proqramın ilk mərhələsi qərb bölgəsinin məşqçiləri üçün Goranboyda həyata keçirilmişdi.