
Çinin Usi şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyinə yekun vurulub.
Apasport.az xəbər verir ki, son yarış günündə gənc şpaqaçıların komanda yarışında qaliblər müəyyənləşib.
Səid Əliyev, Vahab Fətullayev, Mirxətai Məmmədov və Emin Səfərbəyovdan ibarət komandamız ilk görüşdə Belçika yığmasına 45:37 hesabı ilə qalib gəlib. Millimiz ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən qarşılaşmada Almaniya komandasına 26:45 hesabı ilə uduzub. Komandamız ümumi sıralamada 31-ci olub.
Aynur Quliyeva, Xədicə Həsənli, Nəzrin Mehdiyeva və Nazilə Rəhimovadan ibarət kollektiv isə qız şpaqaçıların komanda yarışında 14-cü olub. Yaponiya yığmasına 34:33 hesabı ilə qalib gələn şpaqaçılarımız ən güclü səkkizliyə yüksəlmək üçün keçirilən görüşdə Çin seçmə kollektivinə 38:45 hesabı ilə məğlub olub. Komandamız 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdən Estoniya yığmasına 31:45 hesabı ilə uduzub. Misir şpaqaçılarını 45:44 hesabı ilə məğlub edən millimiz son görüşündə ispan rəqiblərinə 27:45 hesabı ilə uduzub və 14-cü yerlə kifayətlənib.