
İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, bu gün yunan-Roma güləşinə start verilib.
İlk gündə Azərbaycan millisinin 5 idmançısı xalçaya çıxıb və onlardan 3-ü yarımfinala vəsiqə qazanıb.
55 kq çəki dərəcəsində Turan Daşdəmirov gürcüstanlı Koba Karumidzeyə sonuncu (4:4), ermənistanlı Levon Qazaryana isə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. Turan yarımfinalda ukraynalı Nazariy Babinski ilə güləşəcək.
63 kq çəki dərəcəsində Tural Əhmədov italiyalı Emanuele Pollinonu tam üstünlüklə (8:0) mübarizədən kənarlaşdırıb, bolqarıstanlı Kristiyan Milenkovu 4:0 və macarıstanlı Bende Olaşı 3:1 hesabıyla məğlub edib. O, yarımfinalda yunanıstanlı Marios Kapantaislə qarşılaşacaq.
77 kq çəki dərəcəsində Davud Məmmədov moldovalı Konstantin Taskaya tam üstünlüklə (11:0), türkiyəli Yusuf Tosuna isə sonuncu xal prinsipinə əsasən (3:3) qalib gələrək yarımfinala adlayıb. Davud final uğrunda ermənistanlı Samvel Terteryanla mübarizə aparacaq.
87 kq çəki dərəcəsində Orxan Hacıyev təsnifat mərhələsində rumıniyalı Qabriel Stana 1:4 hesabıyla məğlub olub.
130 kq çəki dərəcəsində Məzaim Mərdanov 1/4 finalda avstriyalı Leonard Yunqerə ilk xal prinsipinə əsasən (1:1) uduzub.
Qeyd edək ki, Avropa çempionatı iyulun 6-da başa çatacaq.