Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub oldu
29.10.2026 - 13:25
Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub oldu

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın daha üç təmsilçisi məğlubiyyətlə üzləşib.

Apasport.az xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) rəqiblərinə uduzublar.

Ruzanna Məmmədova 1/8 finalda çinli Menqyu Xieyə məğlub olub. Rəqibi növbəti mərhələdə uduzduğu üçün Azərbaycan güləşçisi medal şansını itirib.

Rəşid Babazadə 1/16 finalda qırğızıstanlı Taiyrbek Zumaşbek Uuluya, Maqomedxan Maqomedov isə 1/4 finalda Bəhreyni təmsil edən Axmed Tajudinova məğlub olub.

Babazadə və Maqomedovun rəqibləri finala yüksələcəkləri təqdirdə təmsilçilərimiz sabah təsəlliverici görüşlərdə iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan millisi indiyədək dünya çempionatında üç medal qazanıb. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medala sahib çıxıb.