Bakıda “Çempionların savaşı” turniri keçiriləcək
17.04.2025 - 14:14
Bakıda “Çempionların savaşı” turniri keçiriləcək

Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığıyla “Çempionların savaşı” adlı turnir keçiriləcək. 

Apasport.az xəbər verir ki, 27-30 aprel tarixlərində Azərbaycan Milli Xalça Muzeyində Azərbaycanın və dünyanın aparıcı şahmatçıları rapid və blits mübarizəsində qarşılaşacaq.

“Çempionların savaşı”nda Azərbaycan çempionu Rauf Məmmədov 15-ci dünya çempionu Vişvanatan Anandla (Hindistan), qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə isə dünya və Avropa çempionu Antoaneta Stefanova ilə mübarizə aparacaq.

Yarışın qalibi rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək. 

Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq şahmat turnirində qədim sənət növüylə dünyanın ən qədim oyunu vəhdət təşkil edərək zəka sahiblərinin mübarizə məkanına çevriləcək. 

Qeyd edək ki, Vişvanatan Anand, Rauf Məmmədov, Antoaneta Stefanova və Günay Məmmədzadə aprelin 27-də  ölkə birinciliyinin qalib olan yeniyetmə şahmatçılara seans keçirəcək.