Kilian Mbappenin zədə prosesi ilə bağlı “Real Madrid”in tibbi heyəti barədə ciddi iddialar irəli sürülüb.
Apasport.az xəbər verir ki, Fransız jurnalist Daniel Riolo “After Foot” proqramında çıxışı zamanı Mbappenin Madriddə qoyulan diaqnozdan narazı qaldığını və bu səbəbdən Parisə gedərək ikinci tibbi rəy aldığını iddia edib.
Riolonun sözlərinə görə, Fransa millisinin ulduzu Madrid klinikasında aparılan müayinədən sonra yanlış diaqnoz ehtimalına görə ciddi narahatlıq keçirib və bu vəziyyət futbolçunun narazılığına səbəb olub. Jurnalist həmçinin klub həkimlərinin səhv etdiyini irəli sürərək, “Klub yanlış diaqnoz qoydu, Mbappe bundan narahat oldu və hətta əsəbiləşdi” ifadələrini işlədib.
İddialarda ən diqqətçəkən məqam isə müayinə prosesi ilə bağlıdır. Riolo bildirib ki, “Real Madrid” tibbi heyətinin səhv diz üzərində yoxlama apardığına dair şayiələr mövcuddur. Bu iddia klub daxilində ciddi peşəkar səhv ehtimalı kimi qiymətləndirilir.
Məlumata görə, Mbappenin Parisdə müraciət etdiyi mütəxəssisin tətbiq etdiyi yeni müalicə protokolu əməliyyat ehtimalını aradan qaldırıb. Futbolçu da iştirak etdiyi bir tədbirdə dizinin vəziyyətinin yaxşılaşdığını və düzgün diaqnozun sağalma prosesini sürətləndirdiyini bildirib.
“Real Madrid” isə məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.