“Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasında “Barselona”ya 1:4 hesablı məğlubiyyətdən sonra futbolçularının çıxışını dəyərləndirib.
Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının meydanda verdiyi qərarlardan narazı qaldığını bildirib.
“3:1-dən sonra qol vura bilsəydik, yenidən oyuna qayıda bilərdik. Amma çox tələsdik. Hər topu uzun ötürmə ilə irəli göndərməyə ehtiyac yox idi. Futbolçular meydanda oyunu daha yaxşı oxumalıdırlar”.
Buruk rəqibin gücünü də xüsusi vurğulayıb:
“Çox güclü komandaya qarşı oynadıq. Onların futbolçuları bir-birini əzbər tanıyır, sanki maşın kimi işləyirlər. Belə komandaya qarşı oynamaq asan deyil. Topu çox çətin itirirlər”.
Baş məşqçi qarşıdakı oyunlarda komandasından daha yaxşı çıxış gözlədiyini bildirib:
“Yeni transferlərimiz və zədədən qayıdan futbolçularımız ilk dəfə birlikdə oynadılar. Bir-birimizi daha yaxşı tanımalıyıq. Bu, zaman tələb edir. Növbəti matçlarda daha yaxşı çıxış edəcəyimizə inanıram”.
Qeyd edək ki, “Qalatasaray” UEFA Çempionlar Liqasının liqa mərhələsinin I turunda da səfərdə “Sportinq”ə 1:3 hesabı ilə məğlub olmuşdu.