"Marsel" klubunun futbolçusu Meyson Qrinvud karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Yuventus” ingiltərəli vingeri transfer etmək istəyir.
Bu barədə “Football Italia” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Qrinvud “qoca sinyora”nın yay transfer pəncərəsi üçün əsas hədəflərindən biridir. Fransa klubu 24 yaşlı futbolçu üçün ən azı 50 milyon avro tələb edir.
Qeyd edək ki, “Marsel” Meyson Qrinvudu 2024-cü ilin yayında “Mançester Yunayted”dən transfer edib. İngiltərə millisinin sabiq üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 39 rəsmi matçda 25 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.