Türkiyə Futbol Federasiyası Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu və digər şəxslərin saxlanılmasından sonra açıqlama yayıb.
Apasport.az xəbər verir ki, federasiya rəhbərliyi istintaq prosesi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirdiyini bildirib.
TFF, 2025-ci ilin aprelindən etibarən müxtəlif tarixlərdə İstanbul Respublika Baş Prokurorluğuna bir neçə cinayət ərizəsi təqdim etdiyini açıqlayıb.
Federasiyanın məlumatına görə, istintaq çərçivəsində tələb olunan sənədlər qapalı zərfdə prokurorluğa təqdim edilib. Həmin materialların barmaq izi, DNT qalıqları və digər zəruri ekspertizaların aparılması üçün Məhkəmə-Tibbi Ekspertiza Qurumuna göndərilməsi istənilib.
TFF açıqlamasında qeyd edib:
“TFF İdarə Heyəti vəzifəyə gəldiyi andan üzərinə düşən məsuliyyətləri yerinə yetirmək məqsədilə bütün zəruri addımları atıb və bu prosesdə məsuliyyətlə hərəkət edib. Türkiyə Futbol Federasiyası olaraq hüququn aliliyinə, məhkəmə orqanlarının müstəqilliyinə və hüquqi proseslərin sağlam şəkildə aparılmasına inamımız tamdır”.
Federasiya həmçinin davam edən hüquqi proseslə bağlı yalnız səlahiyyətli qurumların açıqlamalarının əsas götürülməsini xahiş edib.
Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Ferhat Gündoğdu da daxil olmaqla ümumilikdə 7 şübhəli saxlanılıb. Araşdırmada mobbinq və rəsmi sənəddə saxtakarlıq iddiaları araşdırılır.