“Futbolçu olmaq üçün 15 yaşımda evdən qaçdım” - ULDUZLAR
27.02.2021 - 00:00
“Futbolçu olmaq üçün 15 yaşımda evdən qaçdım” - ULDUZLAR

“Liverpul”un son illər qazandığı uğurlarda ən böyük pay sahiblərindən biri də hücumçu Sadio Manedir.

Apasport.az saytının məlumatına görə, əksər afrikalı futbolçu kimi seneqallı Mane də bu pilləyə gəlmək üçün çox əziyyətlərə qatlaşıb.

Ulduz futbolçu uşaqlıqda yaşadığı çətinliklərdən və inkişafından bəhs edib.

“Allahın mənə verdiyi özəllikdir”
“Özümü tanıdığım gündən bəri sürətliyəm. Bu mənim təbii halımdır. Sürətim üçün əlavə məşqim olmayıb. Allahın mənə verdiyi bir özəllikdir. Məktəbdə də sürətimə görə məni bütün yarışlara göndərirdilər. Orada da yüksək yerlər tuturdum. Hətta marafon da qaça bilirəm”.

“Allaha sığınıram”
“Bütün çətin zamanlarımda Allaha sığınıram və Qurani-Kərimi oxuyuram. Din mənim üçün çox önəmlidir. İslamın qaydalarına hörmətlə yanaşıram və hər gün namazlarımı qılıram”.

“İçki içməmişəm, siqaret çəkməmişəm”
“Bədənimə bələdəm, nəyin mənə müsbət təsir edəcəyini bilirəm. Xüsusi aşpazım var, mənə uyğun yeməklər bişirir. Spirtli içkidən istifadə etmirəm. Həyatım boyu bunu sınamamışam. Həmçinin heç vaxt siqaret də çəkməmişəm”.

“Heç vaxt velosipedim olmayıb”
“Uşaq vaxtı ayaqqabılarımı geyinib yalnız qaçardım. Heç vaxt velosipedim olmayıb. Hər yerə qaçaraq gedərdim”.

O oyunu izləmək üçün məktəbdən qaçmışdım”
“Oyununu izləməkdən ən çox zövq aldığım ilk futbolçu El Haci Diuf idi. Onun DÇ-2002-də Fransaya vurduğu qolu xatırlayıram. Məktəbdən qaçıb o oyunu izləmək üçün dostumun evinə getmişdim. Diuf bizim qəhrəmanımız idi”.

“İstirahət vaxtı da həkimə gedib müayinə olunmuşdum”
“Peşəkarsınızsa, hər şeyə hazır olmalısınız. Bəzən işlər istədiyiniz kimi getmir. Zədələndiyim zaman mənim üçün günlər yaxşı keçmir. Dərhal sağalmaq üçün bir yol axtarıram. Mövsümün əvvəlində bir həftəlik istirahət imkanımız var idi. Mən də həmin vaxt həkimə gedib müayinə olunmuşdum”.

“Hər şeyi qazandığımı deyə bilmərəm”
“Hazırda 29 yaşım var, amma hər şeyi qazandığımı deyə bilmərəm. Hələ də nəsə öyrənməyə çalışıram. Nə qədər irəli gedə biləcəyimin fərqindəyəm. Bunun üçün çox çalışıram”.

“Hələ 15 yaşım olanda evdən qaçaraq Seneqalın paytaxtı Dakara getdim. Çünki futbolçu olmaq istəyirdim. Çantamı topladım, atam kimi gördüyüm bir nəfərdən kömək istədim. “Dakara getmək istəyirəm, mənə kömək olarsan?” dedim. Yolum bu addımla açıldı”. 

“10 nəfərlik evdə böyüdüm”
“Əmim və onun uşaqlarının da olduğu 10 nəfərlik evdə böyüdüm. Gedəcəyimi heç kim bilmirdi. Anama və atama da deməmişdim. Mən gedəndən sonra təşvişə düşmüşdülər. Məni tapmaq və qaytarmaq üçün adam göndərmişdilər.”

“Ailəmdə heç kim futbolçu olacağıma inanmamışdı”
“Ailəmdə heç kim futbolçu olacağıma inanmamışdı. Məktəbi bitirdikdən sonra dedilər ki, futbolçu olmağı bu qədər çox istəyirsənsə, bəxtini sına. Mən də sınadım”.

“Doğru komandada doğru baş məşqçiyə qovuşdum”
“Yurgen Klopp Dortmund “Borussiya”sını çalışdıranda məni istəmişdi. Həmin vaxt “Zalsburq”da oynayırdım, klubum transferə icazə verməmişdi. Klopp “Liverpul”a gedəndə məni yenidən istədi. Doğru komandada doğru baş məşqçiyə qovuşdum”.


 

writer photo
Əlirza Əlirzalı
0