ACF Mətbuat Gününə həsr olunmuş tədbir keçirib
16.07.2024 - 18:29
ACF Mətbuat  Gününə həsr olunmuş tədbir keçirib

Azərbaycan Cüdo Federasiyası iyulun 16-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirib.

Apasport.az xəbər verir ki, tədbirdə müxtəlif qurumlar, mətbuat orqanları və televiziya nümayəndələri iştirak edib.

Tədbir federasiyanın mətbuat katibi Ülkər Abbasovanın açılış nitqi ilə başlayıb. O, tədbir iştirakçılarını Milli Mətbuat Günü münasibətilə təbrik edib.

Daha sonra Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu qurumun 2022-2024-cü illər üzrə fəaliyyətinə dair təqdimat edib. 

Rəşad Rəsullu federasiyanın strategiyası barədə də ətraflı danışıb:

"Əvvəla, növbəti 4 illik strategiyamızda cüdoyla məşğul olan qızların sayının artırılması nəzərdə tutulub. Bu məsələ bizim üçün hər zaman aktualdır və bu istiqamətdə sosial layihələr həyata keçirilir.

Üzərində düşündüyümüz əsas suallardan biri də budur: necə etməliyik ki, titulları hər il sıralayaq, uğur qazandıqdan sonra növbəti nailiyyət üçün uzun müddət gözləməli olmayaq? Bunun üçün hazırda işinin peşəkarı olan çoxsaylı mütəxəssis çalışır. Federasiya bütün sahələr üzrə mütəxəssislərlə daimi işləyir. Onlar indi də milli komandanın üzvləri ilə birlikdədirlər, Paris olimpiadasına hazırlıqları davam etdirirlər". 

Rəşad Rəsullu daxili yarışların önəmi haqda da söhbət açıb:

"Daxili yarışlarda ədalətli qərarların verilməsi çox vacibdir. Çünki milli komandaya ilkin seçimlər daxili yarışlardan başlayır. Ədalətli qərarlar verilməsə, düzgün idmançı seçimləri olmasa, bu birbaşa milli komandaya təsir edəcək.

Kəmər imtahanları da çox vacibdir. Bu imtahanların əsas məqsədi uşaqları idmanda saxlamaqdır. Gənclər hər hansı idman növündə nəticə vermədikdə tez ruhdan düşürlər. Bunun qarşısını almaq üçün bütün dünyada olduğu kimi, bizdə də kəmər dərəcələr sistemi tətbiq edilir. Cüdoçularımız hər 6 aydan bir yeni kəmər dərəcəsi almaq imkanına sahibdir. Həmçinin, idmançılar kəmər imtahanları verdikcə cüdonun sirlərinə yiyələnib, texnikaları mənimsəyirlər."

Rəşad Rəsullu əlavə edib ki, ötənilki Dünya Çempionatından dərhal sonra Yay Olimpiya Oyunlarına hazırlıqlar başlayıb. Nəticələrə əsasən, elit komanda heyəti müəyyən olunub. Hazırlıq çərçivəsində 11 beynəlxalq, 6 yerli təlim məşq toplanışı təşkil edilib

İcraçı vitse-prezident Paris-2024 üçün proqnozunu da bölüşüb. O düşünür ki, Olimpiya oyunlarında iştirak edəcək bütün idmançılarımız medal əldə edəcək. 

Qeyd edək ki, tədbirin rəsmi hissəsi Olimpiya iştirakçıları haqqında videoçarxın nümayişi ilə yekunlaşıb.

writer photo
Əlirza Əlirzalı
0