“Mərakeş futbol millisinin qələbəsi ölkəmiz üçün olduqca əlamətdar və tarixi hadisədir”.
Bunu apasport.az saytına Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adil Embarş deyib.
O, Qətərdə keçirilən DÇ-2022-nin 1/8 finalında İspaniyanı mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə 1/4 finala yüksələn Mərakeş yığmasının uğurunu dəyərləndirib: “Bu, Mərakeşin dünya çempionatlarında 6-cı iştirakıdır. Biz bundan öncə 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatında 1/8 finala qədər yüksəlmişik. İlk dəfədir ki, 1/4 finalda iştirak edəcəyik. Komandamız həqiqətən də gözəl performans göstərir və dünya çempionatları tarixində ən gözəl oyununu oynayır. Mərakeş yığmasında yer alan futbolçuların böyük əksəriyyəti bir sıra Avropa ölkə klublarının ulduzlarıdır və onlar çox yaxşı oyun göstərir. Bu klublardan PSJ, "Çelsi", "Bavariya" və başqalarının adını çəkmək olar”.
Səfir ölkəmizdə Mərakeş yığmasına azarkeşlik edənlərin sayının çoxluğuna da münasibət bildirib: “Biz çox şadıq ki, çoxsaylı azərbaycanlılar Mərakeş millisini dəstəkləyir. Bizə elə təsir bağışlayır ki, elə bil Azərbaycan yığmasına azarkeşlik edirlər. Biz bunu hər zaman qeyd edirik ki, Azərbaycandan bizə çoxlu sayda dəstək mesajları gəlir. Burada olmaq və Azərbaycanın dəstəyini görmək çox sevindiricidir”.
Qeyd edək ki, Mərakeş 1/4 finalda Portuqaliya ilə qarşılaşacaq.