“Kəpəz”in baş məşqçisi Adil Şükürov apasport.az saytına müsahibə verib.
- Adınız "Turan Tovuz"la hallanırdı. Tovuz klubuna baş məşqçi təyin olunmağınız üçün təklif var?
- İlk olaraq qeyd etməliyəm ki, 8 ildən sonra Premyer Liqaya, "Kəpəz"in baş məşqçisi kimi geri döndüm. Noyabrın 13-də komandanı qəbul edəndə, "Kəpəz" sonuncu pillədə idi. Klubun Premyer Liqada qalacağı isə sual altında idi. Amma geridönüş mənimlə "Zirə"nin Premyer Liqadakı ilk mövsümündə gümüş medalları qazanmağımız, bu il "Kəpəz"lə mənim Premyer Liqada qalmağımıza bərabər göstərici olduğunu düşünürəm. Mənə inanan "Kəpəz" rəhbərliyinə, İlqar Nadiriyə sizin sayt vasitəsi ilə öz təşəkkürümü bildirirəm. İlqar müəllim addımı ilə "Zirə"dən getdikdən sonra olan bir çox suallara aydınlıq gətirdi. Təbii ki, bu işdə mənimlə bərabər çalışan bütün kollektivimizin də əməyi danılmazdır. Hər kəs üzərinə düşən işi layiqincə yerinə yetirərək "Kəpəz"i yüksək liqada saxladı. 8 ildən sonra adımın klublarla çəkilməsi məni sevindirir. Demək ki, biz işimizi layiqincə yerinə yetirə bilmişik və bu gün də biz "Kəpəz"lə davam edirik .
- Təklif gələrsə, hansı cavabı verəcəksiz? "Turan Tovuz"da akademiyada da çalışmısız, sizə yad klub deyil...
- Bir çox təklif ola bilər. Amma real olmayan bir şey barəsində danışmaq, fantaziyadan başqa bir şey deyil.
- "Kəpəz"in gələcəklə bağlı planları bəllidir? Rəhbərliklə gələcəklə bağlı danışıqlarınız olub?
- Komandamız yeni sezonla bağlı planlaşdırmanı artıq aparıb. Yalnız qalır mövcud maliyyə problemini həll edib, tam sürətlə yeni sezonun hazırlıqlarına başlamaq. Rəhbərliklə komanda ilə bağlı danışığımız olur və düşünürəm ki, bu, davamlı şəkildə baş tutacaq.
- Yeni mövsüm iddialı "Kəpəz" görməyimiz mümkündür? Sponsor məsələsi ilə bağlı yenilik var?
- Yeni mövsümdə çox istərdik ki, "Kəpəz" turnir cədvəlində adına layiq yüksək yerlərdə olsun. Amma bunu etmək üçün ilk növbədə mövcud komandamızı qoruyub-saxlamalıyıq və bir sonrakı addımda komandanı gücləndirməliyik. Bunların hamısını həyata keçirmək üçün sponsor olmalıdır. Lakin çox təəsüflər olsun ki, "Kəpəz"lə yaxından maraqlanan şirkətdən hələ də konkret addımlar yoxdu.
- Maraqlıdır ki, artıq "Kəpəz"in futbolçularının adı digər klublarla hallanır. Elçin Əlicanovun "Zirə"yə keçəcəyi deyilir. Onun gedişi "Kəpəz" üçün ciddi itkidir?
- Qeyd etdiyim kimi, "Kəpəz"də olan hər kəs üzərinə düşən işi layiqincə yerinə yetirməyə çalışıb. Bura təbii ki, futbolçular da daxildir. Məncə, bunu digər klublar da gördülər və bunun üçün də özlərində olan boşluqları "Kəpəz" futbolçularının hesabına tamamlamağa çalışırlar. Demək ki, biz məşqçi və kollektiv olaraq futbolçularla düzgün çalışmışıq. Başa çatan sezonda bizlə bərabər olan bütün futbolçularla davam etmək istəyirik. Amma çox təəsüflər olsun ki, maliyyə sıxıntısı ilə tam olaraq planlaşdırdıqlarımızın hamısını tamamlamaq bizə çətin olacaq.
- Bəs, Junior Martinşin "Sabah"a keçidi nə dərəcədə realdır? "Kəpəz"in 100 min manat tələb etdiyi bildirilir. Onun transferindən əldə ediləcək məbləğ klub üçün çox önəmlidir?
- Junior oyunlarda göstərdiyi performansla, vurduğu qollarla bunu haqq etdiyini sübuta yetirib. Belə bir şey gələcəkdə baş tutsa, komandamıza az da olsa, faydası dəyər.
- Gedən futbolçuları əvəz edə biləcəksiz? Gələcəklə bağlı planlar naməlum olarsa, sizin gedişiniz baş tutacaq?
- Təbii ki, büdcənin qanuna uyğun olaraq 20 faiz azalması bizim də işimizi çox çətinləşdirir. Bu il daha çətin olacağını anlayırıq. Amma bu sezon daha çox çalışmalıyıq. Mövcud olmayan məsələ barəsində əvvəldə qeyd etdiyim ki, danışmaq doğru olmazdı, xülya ilə yaşamamaq lazımdır. O xülyaları həyata keçirilməlidir.