Adil Şükürov: “Qarabağ” öz oyununu göstərməlidir” - MÜSAHİBƏ
26.10.2023 - 11:28
Adil Şükürov: “Qarabağ” öz oyununu göstərməlidir” - MÜSAHİBƏ

Futbol veteranı Adil Şükürovun apasport.az saytına müsahibəsi

- Bu gün Avropa Liqasının 3-cü turunda "Qarabağ" səfərdə “Bayer”lə oynayacaq. Sözügedən oyundan gözləntiniz nədir?
- Bir azərbaycanlı kimi təbii ki, yaxşı mübarizə aparan komanda görmək istəyirəm. Real olaraq isə almaniyalılarla matç qrupdan çıxmaq baxımından çox önəmlidir. Düşünürəm ki, bu oyun böyük önəm kəsb edir. 

- Bu oyunda “Qarabağ”ın qələbə və ya xal qazanmaq şansını necə qiymətləndirirsiz?
- Yaxşı mübarizə görəcəyik. “Bayer”in oyunlarına baxanda komandanın Bundesliqada birinci olduqlarını anlamaq elə də çətin deyil. Komandamız üçün bu oyunda mübarizə aparmaq elə də asan olmayacaq. Çünki bu rəqib nəinki ağdamlılar üçün, deyərdim ki, böyük komandaların da yenə bilməyəcəyi komandadır. Hər bir halda, bu oyunda bizimkilərə şans diləyirik. 

- “Qarabağ” Avropa Liqasında ilk iki oyunda 6 xal qazandı. Belə uğurlu startı nə ilə izah edirsiniz?
 - “Qarabağ”ın ilk turlarda qazandığı 6 xal illər boyu Qurban Qurbanovun komandada gördüyü işin bəhrəsidir. Məncə Qurbanovun komandada fəaliyyəti əvəzsizdir və bu da öz bəhrəsini verir.

- “Bayer” “Qarabağ” üçün güclü rəqibdir. Sizcə, komandamız “aspirinlər”lə oyunda daha çox nədən ehtiyat etməlidir?
- Xabi Alonso “Bayer”də alman dəqiqliyi ilə ispan texnikasını sintezini formalaşdıra bilib. Ona görə də “Qarabağ” “Bayer”lə matçda çalışıb öz oyununu göstərməli, boşluqdan istifadə etməlidir. Bu metodla rəqibi məğlubiyyətə uğratmaq mümkündür.

- Komandanın qrupdan çıxmaq şansını necə qiymətləndirirsiz?
- Bu matç və qrupdakı cavab oyunlarının nəticələri önəmli olacaq. Məncə, “Qarabağ” qrupdan ikinci yerin sahibi kimi çıxacaq. Biz yenə də buna ümid edirik. Hər bir halda komandamıza uğurlar arzulayıram.

writer photo
Əlirza Əlirzalı
0