"Bütün futbol dünyası bu final həftəsini yaşayır. Bizim də finalımız var”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev deyib.
O, “Errea” şirkəti ilə sponsorluq müqaviləsinin imzalanması mərasimində Azərbaycan kubokunun iyunun 3-də keçiriləcək finalı ərəfəsindəki anlaşmadan danışıb: “Birigün final matçına çıxırıq. Bu dönəmdə də aktivliyimiz də göz qabağındadır. Yaxın gələcəkdə digər sponsorlarla da müqavilələr olacaq. Ölkəmizdə ilk dəfə texniki sponsorluq müqaviləsi imzalanır. İllər ərzində geyimləri müxtəlif şirkətlərdən alırdıq. Bu müqavilələr daha çox seçimimizə bağlı idi. Sadəcə birbaşa istehsalçı və ya distribütorları tərəfindən təklif olunan formaları alırdıq”.
Quliyev idman geyimləri sahəsində yenilik edildiyin bildirib: “Bir neçə il ərzində bizə müxtəlif şirkətlər belə təkliflər irəli sürüb. Amma klubumuzun həm adına, həm tarixinə, eyni zamanda da onun maddi tərəfi bu məsələyə son illər ərzində hər hansı şirkətlə ortaq məxrəcə gələ bilmirdik. Aparıcı istehsalçılar əfsuslar olsun ki, Azərbaycan futbol bazarlarına marağı yüksək deyil. Böyük şirkətlərin heç Azərbaycanda rəsmi nümayəndəlik açmayıblar. Ciddi şirkətlərlə bu yöndə işləri o qədər aktiv və uğurlu deyildi. Keçən ilin dekabrından bu məsələlərlə bağlı fəaliyyətimiz aktivləşib və müxtəlif şirkətlərdən təkliflər gəldi. Bizə texniki sponsor olacaq "Errea" şirkətinin nümayəndəsi buradadır. Karlo Stronati buradadır. 11 ildir klub futbolundayam. Ancaq ilk dəfədir ki, əsas komandanın geyinəcəyi formalar eyni şəkildə də akademiyanın ən aşağı yaş qruplarına qədər eyni olacaq. Necə ki, Avropa klublarında bunu görürsüz. Əsas komandanın forması 7 yaşlı oyunçunun da əynində olur. Eksklüzivlik olacaq, xüsusi bizim üçün hazırlanacaq formalar. Nəinki oyun formaları, eyhi zamanda da məşq və nümayiş forması, bütün fəsillər üçün formalarımız var. Onların 70 faizi eksklüzivdir, "Neftçi"nin seçdiyi yox, istədiyi formadadır. Xüsusi dizayndadır”.
Klub prezidenti dizayna da toxunub: “Formalar rənglərimizə, ənənələrimizə uyğun hazırlanıb. Üçüncü məsələ, texniki partnyor yox, texniki sponsor axtarırdıq. Ümumi müqavilənin 45 faizədək mallar bizə pulsuz veriləcək. Bu da ilkdir. Ola bilər ki, bu tarixçəni daha yaxşı bilənlər var. Amma dediyim üç amil Azərbaycan futbolunda ilk dəfə baş verir. Tək futbol yox, idmandan bəhs edirəm. Bu, böyük nailiyyətdir, inkişafdır. "Neftçi" həmişə ilklər klubu olub. İlklər yükünü çalışırıq ki, öz üzərimizə götürüb aparaq. "Errea"nın rəhbərliyinə, Azərbaycanla işləyən dostlarımıza, klubumuzda işləyən və bu günü yaxınlaşdıran əməkdaşlarımıza təşəkkür etmək istəyirəm .Sizlərə, əziz jurnalistlər, təşəkkür etmək istəyirəm ki, gəldiz bura. Bu, sadəcə müqavilə deyil. Bu da bir ilkdir”.
- "Errea" hansı planda diqqətinizi çəkdi?
- Yanaşma və qarşıya qoyulan məqsədlər önəmli idi. Futbola sırf bağlı şirkətlər çox deyil. 86 yaşlı klub üçün ona olan diqqət bizim üçün çox vacibdir. Uzunmüddətli strategiya qururuqsa, gedib dükandan mal almaq strategiya lazım deyil. Bunun üçün ağıl lazım deyil. Gözləyirdik ki, hansısa ciddi təşkilat bizim tələblərimizi qarşılasın və əməkdaşlıq edək. Fan-şop da bizim üçün önəmlidir. Fan-şop var, amma belə fəaliyyət göstərmir. Onu da gücləndirmək istəyirik. Uşaqları necə geyindirirdik neçə illər? Gənc futbolçu Emin Mahmudova baxır, deyir mən də onun kimi olmaq istəyirəm. Hər şey tərbiyədən, yanaşmadan, şəraitdən irəli gəlir. Cücələrə yaxşı şərait yaratsaq, onlardan futbolçu çıxacaq. Uşaqla əsas komandanın kapitanın forması arasında fərq olanda... Fərqi özümüz yaradırıq. "Qlatasaray" və "Fənərbaxça"nın uşaqlarının geydiyi formalarla əsas komandanın forması arasında fərq görsəz, biz səhv yoldayıq. Çox yaxşı maliyyə şərtləri bizi cəlb etdi. Onların yanaşması, eksklüzivlik, fan-şop, qiymətlər, hamısı sualınıza cavabdır. Bir neçə şirkət təklif göndərdi, amma ən yaxşısı "Errea" idi. İlkləri edən klubuq. Çalışırıq ki, müəyyən məsələlərdə ilk olaq. Əgər bu gün ilk olaraq "Neftçi" etdisə, demək ki, "Errea" etdi. Digər şirkətlərə ciddi mesajdır. İnanıram ki, bizim formaları görən digər klublar maraqlanacaq. Bizim bazarda aktiv olmayan şirkətlər klublarımıza daha çox diqqət ayıracaq. Bu daim deyil, amma indiki məqamda ən qocaman, ən sevilən klubdan danışırıqsa, ona da münasibət o cür olmalıdır. Dünyada markalar var, amma bizə diqqət ayıran, bizimlə çalışan, strategiya quran şirkət varsa, həmişə əməkdaşlığa hazırıq. Bu işdə daha çox səy göstərən "Errea"dır.
- Bayaq dediz ki, 45 faiz sizə pulsuz veriləcək forma. Bəs 55 faiz necə olacaq? Müqavilələrdə olur ki, komanda avrokuboklarda mərhələdə adlayanda, çempionluqlar yaşayanda, texniki sponsor xüsusi bonuslar verir. "Errea" tərəfdən belə bonuslar olacaq?
- Bütün detalları açıqlaya bilmərik. Bəli, var. Yaxşı məbləğlərdir. Onların da marağındadır ki, qrupa düşək, çempionluqlar qazanaq. Müqavilədə bu bəndlər var. Amma əfsuslar olsun ki, deyə bilmərəm. Bizə çox yaxşı şərtlər təklif ediblər. Bilmirəm, ondan sonrakı dönəmdə "Errea" digərləri ilə necə işləyəcək, amma ilk olduq deyə, yaxşı şərtlər irəli sürdülər.
- Fan-şoplarda qiymətlərdən narazılıq var idi. Nisbətən daha ucuz olacaq qiymətlər?
- Klubun rəhbəri olaraq deyə bilərəm ki, bütün təbəqələr üçün mallar olacaq.
- "Neftçi" bir çox sahələrdə digər klubları üstələyir. Amma əsas komandanın nəticəsi ürəkaçan deyil. Sponsorluqla bağlı paylaşım edəndə azarkeşlər narazılıq edir ki, bizə nəticə lazımdır. Uğursuz olmağınız bütün gördüyünüz işləri arxa plana keçirir?
- Narazılıqlar yersiz deyil, yerindədir, başa düşürük. Mövsümü bitirək, daha ətraflı danışarıq. Gələn il nəinki əminliyim var, işlər görülür. GƏlən il tam başqa "Neftçi" olacaq. Çox ciddi və ambisiyalı Müşahidə Şuramız var. Yeni-yeni fəaliyyətə başlayıblar. Ambisiyamız həmişə böyük olub. Onları gerçəkləşdirmək üçün imkanlar məhdud idi. Azarkeşlər haqlıdırlar. Onlar qələbə istəyirlər. Bunun üçün müəyyən amillər var və işlər var görülməli. İnanıram ki, MŞ və sponsorun dəstəyi ilə gələn il vəziyyət tam fərqli olacaq. İnanmaq bir yana, bunun üçün əsaslar da var.
- Emin Mahmudov yeni mövsümdə "Errea"nı geyinəcək?
- Azərbaycan futbolçuları ölkə çempionatında pik zirvəsinə çatandan sonra düşünürlər. Emin Mahmudov dəqiq deyirəm sizə heç bir qərar verməyib. Onunla söhbətim olub. Kubokun finalından sonra qərarımızı verəcəyik. Bərabər oturub qərar verəcəyik. Söhbət tək maddiyyatla bağlı deyil. Əgər Emin "Neftçi"də qalsa, ölkədə ən çox maaş alan futbolçulardan üçlükdə olacaq. Ona çox yaxşı təklif etmişik. Layiq olduğu təklifdir, haqq etdiyi. Son ilin performansı digər illərə nisbətən daha yaxşı idi. Emin Mahmudov Azərbaycanda tək "Neftçi"ni düşünür. Xaricə getməli olsa, sırf öz üçün yeni macəra olacaq. Dəqiq deyim ki, qərar verməyib. Üç-dörd il əvvəl söhbətimiz olub. Kubokdan sonra biləcəyik.
- Kubokun finalının nəticəsi Regekampfın gələcəyinə təsir edəcək?
- İnanmıram. İnanın ki, belə olsaydı belə, sizə o cavabı verməzdim. Elə deyil. Regenin taleyi finaldan asılı deyil. Tək qərarı mən vermirəm. Amma ona inamım var.