"Neftçi" milli fasilə üçün yaranmış vaxtda doğma meydanda Rusiyanın "Zenit" klubunu qəbul edib. Görüş komandamızın 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Apasport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
"Çətin, ağır oyun oldu. Güclü rəqiblə qarşılaşdıq. Oyunçuların meydanda davranışından razı qaldım. Ümid edirəm ki, bu yöndə də davam edəcəyik".
- "Neftçi" milli üzvləri olmasa da, "Zenit"ə qarşı yaxşı oyun sərgilədi. Bəs niyə çempionatda bu oyun alınmır, qələbələr gəlmir?
- Yaxşı sualdır. Bu suala cavabım yoxdur.
- Bəlkə çempionatda "Zenit", "Spartak" kimi komandalar oynasın?
- Bu cür oyundan sonra üzülürəm. Çünki demək olar ki, hər oyuna eyni cür hazırlaşırıq. "Zenit" kimi güclü rəqibə qarşı belə oynayıb, digər matçlara fərqli yanaşmaq məni üzür. Sevindiric hal odur ki, Mirzov formasını yavaş-yavaş bərpa edir. Mirzov və Eminin qollarına ehtiyacımız var. Ümid edirəm ki, növbəti matçlarda bu davamlı olacaq.
-Rza Cəfərov yaxşı performans göstərdi. Ona bundan sonra da şans verməyə davam edəcəksiz?
-Sizə qələm və kağız verim, heyəti yazın. Yaddan çıxarmayaq ki, Rzanı ilk dəfə meydana çıxaran mən idim. "Sabah"la oyunda onu meydana çıxaranda, hamı məni tənqid edirdi. İndi isə elə suallar verirlər ki, niyə Rza oynamır? Hansısa jurnalist verilişdə açıqlama verib ki, mən gənc oyunçulara güvənmirəm, etibar etmirəm. Onu bildirmək istəyirəm ki, Rza zədədən yeni qayıdıb. Ona görə oynada bilmirdim. Bu cür məlumatı TV-də bilməyərəkdən açıqlamaq "Neftçi"yə qarşı hörmətsizlikdir.
- Görünür ki, "Neftçi" və özünüz haqda yazılanları izləyirsiz. "Neftçi"nin indiki futbolçularınının adaptasiyasının gec getdiyini nəzərə alsaq, siz futbolçu kimi karyeranız ərzində hansı klubda adaptasiyanı gec keçmisiz?
- "Neftçi" kimi böyük klubda çalışıramsa, əlbəttə ki, ətrafda dostlar çoxdur və yazılanları tərcümə edib, mənə deyirlər. Özüm izləmirəm, çünki azərbaycan dilində danışa bilmirəm. Amma gələcəkdə, daha yaxından izləməyə çalışacam. Adaptasiya prosesi onlar üçün asan deyil. Andre Şinyaşiki MLS-dən gəlib və burda tələblər başqadır. Məğlubiyyətdən sonra onların üzərində təzyiq olmur. Amma burada liqa daha fərqlidir, daha çətindir. Tənqidlər daha çox olur.