“Bizim üçün uğursuz matç oldu”.
Apasport.az-ın məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.
Rumıniyalı mütəxəssis Misli Premyer Liqasının VI turunun “Araz-Naxçıvan”la keçirilən oyunundan sonra mətbuat önünə çıxıb. Mutu 0:1 hesabı ilə uduzduqları görüşdə komandasının çıxışı barədə danışıb: “Bir epizodda səhv buraxdıq və qola səbəb oldu. Nəticə bizim üçün uğursuz alındı. Oyuna biz nəzarət edirdik İlk yarıda qol vəziyyətlərimiz oldu. Düzgün dəyərləndirə bilmədik. Sonda da belə alındı".
- Limitlərə görə bir çox eksperimentlər edirsiniz. Optimal heyəti müəyyənləşdirə bilmirsiniz?
- Penaltini çıxmaq şərtilə, müdafiə xətti yaxşı oynadı. Rəqibin heç bir şansı olmadı. Heyətdə bəzi dəyişikliklər etdik. "Araz-Naxçıvan" təhlükəli epizod da yarada bilmədi.
- Qara Qarayev hansı planda sizi narazı saldı ki, onu əvəzlədiz?
- Qaranın zədəli olmasını siz də bilirsiniz. Məcburiyyətdən onu dəyişdik. Başqa ciddi bir şey yoxdur. Ümumiyyətlə, oyun baxımından kifayət qədər normal idik. Penalti epizodu bizim üçün ağır nəticələndi. Ona görə də, daha diqqətli olmalıyıq. Xüsusən də, əks-hücumlar zamanı bu nəzarəti itirmək olmaz.
- "Sumqayıt"la matçdan sonra demişdiz ki, əyninizdəki pencək sizə uğur gətirir. Fikrinizdə qalırsız?
- Bəli, mən hələ də, belə düşünürəm.
- Müdafiədə yaxşı oynadığınızı dediniz. Amma rəqib qapısı qarşısında təhlükəli qol epizodlarınız da çox deyildi...
- Rəqib 10 nəfərlə müdafiə olunurdu. Hər iki epizodda şans yaratdıq. Sadəcə rəqib bütünlüklə müdafiə olunurdu. Biz nə qədər epizod yarada bilərdik?
- Bu gün daha iki futbolçu "Neftçi"də debüt etdi. Mirzov və Melano haqda hansı fikirdəsiz?
- Hər ikisi yenidir. Onların adaptasiyası üçün vaxt lazımdır. Qısa müddətli oynadılar. Düzdür, tam istədiyimiz formada deyillər. Dediyiniz kimi, komandaya yeni qoşulublar. Oyundan-oyuna formaya düşəcəklər, komandaya tam uyğunlaşacaqlar.