“Böyük futbol klubunun baş məşqçisi olmaqdan qürur duyuram”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.
Bakı klubunun yeni icraçı baş direktoru Fərrux Mahmudovun təqdimat mərasimində iştirak edən rumıniyalı mütəxəssis fikirlərini açıqlayıb. O, belə böyük komandada olmağın məsuliyyət tələb etdiyini bildirib: "Əsas hədəfim "Neftçi"ni yenidən zirvələrə gətirməkdir. Biz hazırda oyun tərzinə uyğun olaraq işlər görməliyik. Rəqibdən asılı olmayaraq öz oyunumuzu göstərməliyik. Balanslaşmış komanda yaradacağıq və oyunçularda rəqabət olacaq. Bu prosesdə qısa yollar mövcud deyil. Böyük nailiyyətlərə çatmaq üçün böyük işlər görməliyik”.
Mutu transferlərə də toxunub: “Hazırkı transferdən məmnunam. Komanda hazırda balanslaşmış deyil. Yeni oyunçular transfer ediləcək. Əlimdən gələn hər şeyi edəcəm".
Baş məşqçi bildirib ki, son 10 gün ərzində oyunçularla görüşlər keçirib: "Başa düşdüm ki, onlarda uğur qazanmaq istəyir. Yeni formada məşqlərə hazırdır. Bir neçə gün sonra “Neftçi”nin yeni oyun sərgiləməsini görəcəksiniz. Keçən mövsümdə vəziyyət çətin olub. Azarkeşlərin bizdən çox böyük gözləntiləri var. Hücum futbolu oynamaq istəyirik".
Qeyd edək ki, “Neftçi” və Mutu arasında 2 illik müqavilə imzalanıb.