AFFA-nın Məşqçilər Komitəsinin üzvü, Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- AVRO-2024-ün seçmə mərhələsinin bu gün keçiriləcək Azərbaycan - Estoniya görüşündə hansı komandanı üstün hesab edirsiz?
- Estoniya bizə uyğun komandadır. Düzdür, SSRİ dövründə Baltikyanı ölkələri inkişaf etməmişdilər. Ancaq müstəqillikdən sonra oyunçularının legioner olması onları irəli çəkdi. Sonradan isə Almaniya, hətta İngiltərə çempionatında da oynayıblar. Yəni yol seçərək o yolla davam edirlər. Onların baş məşqçisi də deyib ki, Azərbaycanla Estoniya bərabər səviyyədə olan komandadırlar.
- Komandaların son qarşılaşmasında rəqib birinci hissədə bir qolla üstünlük qazansa da, millimiz ikinci yarıda vəziyyəti qaydasına sala bildi...
- Bəli, mən deyərdim ki, birinci hissədə onlar çox əla oynadılar. 1 qoldan sonra yaxşı ki, əlavə qol vura bilmədilər. Bizimkilər ikinci hissədə daha yaxşı oyun sərgilədi. Həmin 2-ci hissədəki oyunu mən bugün görmək istəyərəm. Millimizin eyni əzmkarlıq ilə yenidən azarkeşlərini sevindirməsi inanılmaz deyil. Məncə millimiz bunu bacaracaq.
- Bugünkü qarşılaşmada əsas məsuliyyət kimin üzərinə düşür və qələbə üçün önəmli amil nədir?
- Baş məşqçinin oyunun gedişatına təsir edəcək futbolçuları seçməyi önəmlidir. Ola bilər ki, oyunçular arasında zəifləri də olsun, güclüsü də. Əsas bugünkü oyunda taktika düzgün seçilməlidir. Əgər biz ruhən hazırlıqlı olsaq, inanıram ki, gözlənilən oyunu qələbə ilə başa vurarıq.
- Digər oyunları izləyirsinizmi və baş tutacaq matçı hansı yığmaların görüşü ilə müqayisə edərdiniz?
- Bəli izləyirəm. Elə dünən baş tutan Albaniya - Çexiya qarşılaşmasını böyük oyun adlandırıram. Həmçinin millimizdən də bu performansı gözləyirəm. Yəni Albaniya kimi inkişaf edən, düzgün istiqamətdə oyun aparan bir nümunə götürməliyik. Bizim yığmamız stabil oynamır. Son vaxtlar bəzən güclü, bəzən də zəif oyun nümayiş etdirir. İsveç - Avstriya oyunu kimi həddindən artıq zəif oyunun şahidi olmamaq önəmlidir. Mövcud halda biz yaxşı nümunə götürməliyik
- Bugünkü oyunda qalib gəlmək şansımız var?
- Əlbəttə ki, var. İndiki halda bizim heç-heçəyə də haqqımız yoxdur. Azərbaycan millisi qalib gəlməyə borcludur. Bu da komandanın özündən asılıdır. 5-6 gündür ki, hazırlıq gedir. Yəni oyunçuların lazımi qədər imkanı olub. Bəzi ölkələrdə 4 günün içində hazırlıq da, oyun da baş tutur. Bizdə AFFA tərəfindən hazırlığa hər cür şərait yaradılır. Hər bir halda biz komandamızdan uğurlu nəticə gözləyirik.