Ağasəlim Mircavadov: “İranla oyun ingilislər üçün böyük məşq oldu”
22.11.2022 - 13:07
Ağasəlim Mircavadov: “İranla oyun ingilislər üçün böyük məşq oldu”

“Adətən ölkə çempionatları bitdikdən sonra yığmaların dünya çempionatına hazırlaşmaq üçün xeyli vaxtları olurdu. Amma budəfəki turnir mövsümün gedişinə salındığı üçün komandalar Qətərə hazırlıqsız yollanıb”.

Bunu apasport.az saytına açıqlamasında futbol veteranı Ağasəlim Mircavadov Qətərdə keçirilən dünya çempionatı ilə bağlı danışarkən deyib.

AFFA Məşqçilər Komitəsinin üzvü A qrupunun ilk turunda Seneqal üzərində 2:0 hesablı qələbə qazanan Niderlandın çıxışından məmnun qalmadığını söyləyib: “İlk oyunlara əsasən diqqətimi çəkən məqam əksər yığmaların 3-lü mərkəz müdafiəçisi ilə oynamasıdır. Məsələn, dünən Niderland Seneqalla görüşdə 3-4-3 sxemində çıxış edirdi. Adətən mundiallarda yenilikləri Niderland gətirir. Ancaq onlar Seneqal önündə o qədər də yaxşı görünmədilər. Bunu baş məşqçiləri Lui van Qal da etiraf etdi. Seneqal isə Sadio Manenin yoxluğunu hiss elədi. Komanda cərimə meydançasına qədər getsə də, qol vəziyyətlərində çətinlik çəkirdi. Bu onu göstərir ki, futbol kollektiv idman növü olsa da, lider həlledici rol oynayır”.

Azərbaycan millisinin sabiq çalışdırıcısı İngiltərə yığmasının İran üzərindəki 6:2 hesablı qalibiyyətini də dəyərləndirib. O, hesabın belə böyük olmasını İranda baş verən hadisələrlə əlaqələndirib: “İranla oyun ingilislər üçün böyük məşq oldu. Hesab 5:1 olanda ingiltərəli futbolçular top saxlamağa, tempi aşağı salmağa və vaxtı öldürməyə başladılar. Halbuki hələ yarım saatdan çox vaxtları var idi. Açıq-aşkar göründü ki, İran psixoloji cəhətdən bu turnirə hazır deyil. Ölkədə baş verən hadisələr komandaya da mənfi təsir göstərib”.

Bu gün turnirin daha iki favoriti meydana çıxacaq. Argentina C qrupunda Səudiyyə Ərəbistanını, Fransa isə D qrupunda Avstraliyanı sınağa çəkəcək. Mircavadov onların matçında sürpriz ola biləcəyini söyləyib: “Bu cür turnirlərdə birinci oyun həmişə ağır olur. Qatar relsin üstündədir, onu hərəkətə gətirmək lazımdır. İlk matçlarda oyunun alınmaması normaldır. Belə məqamda qələbə növbəti görüşlərə təkan verə bilər. Argentina və Fransanın bugünkü rəqibləri zəif görünə bilər. Amma sürpriz də istisna deyil. Top-komandalar sürprizlə üzləşməmək üçün birinci görüşə maksimum şəkildə köklənməlidirlər”.

Qeyd edək ki, Argentina – Səudiyyə Ərəbistanı oyunu Bakı vaxtı ilə saat 14:00-da, Fransa – Avstraliya görüşü isə 23:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0