Aleks Souza: “Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır” - Müsahibə
15.04.2024 - 19:49
Aleks Souza: “Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır” - Müsahibə

Futbol üzrə Azərbaycan Premyer Liqası təmsilçilərindən “Turan Tovuz”un braziliyalı hücumçusu Aleks Souza apasport.az saytına müsahibə verib:

- Son turda "Qəbələ"yə qalib gəldiniz. Matç haqda fikrin necədir? 
- Təbii ki, “Qəbələ” ilə görüşün nəticəsindən tam olaraq razıyıq. Hər halda, üç xalı qazanaraq istədiyimizi əldə etdik. Komanda kimi çox yaxşı iş ortaya qoyduq. Həftə ərzində baş məşqçinin hazırlaşdırdığı, bizdən istədiyini meydanda verə bildik. Bu da qələbəmizdə əsas məqam oldu. Komandama qol vuraraq qələbədə kömək olduğum üçün xüsusi olaraq sevinirəm. İstənilən matçda meydana qələbə qazanmaq, qol vuraraq komandama kömək olmaq üçün çıxıram. Təbii ki, hər bir komandaya qarşı oynamaq çətindir. Şadam ki, “Turan Tovuz”un formasında növbəti qolumu vurdum.

- Ümumiyyətlə, Azərbaycana gələndən bu yana, hansı komandanın müdafiə xəttinə qarşı oynamaq sənin üçün daha çətin olub? Hansı müdafiəçiyə qarşı mübarizə aparmaq çox çətin idi?
- Dediyim kimi, asan oyun, asan müdafiə xətti yoxdur. Hansısa oyunda işimizin asan olması yadıma gəlmir. Bütün komandaların müdafiə xətti yaxşıdır. Ona görə də, ayrı-ayrılıqda nəsə demək istəmirəm.

- "Turan Tovuz" hazırda 6-cı pillədədir və ilk "dördlük"dən uzaq deyil. Səncə, "Turan Tovuz" avrokuboklara vəsiqə qazana biləcək? 
- Bu, bizim əsas məqsədimizdir. Komanda olaraq hər oyuna çox yaxşı hazırlaşırıq. Biz bütün oyunlara final ab-havasında çıxacağıq. Çünki məqsədimizə çatmaq üçün belə olmalıdır. Komanda olaraq da motivasiyamız çox yaxşıdır. 

- “Boluspor”da Dino Ndolovu ilə komanda yoldaşı olmusan. Maraqlıdır, onunla indi də danışırsan? Sənə Azərbaycan Premyer Liqası haqda sual verir? 
- Bəli, Dino ilə komanda yoldaşı olmuşuq. O, “Boluspor”a gələndə, əvvəllər “Qarabağ”da oynadığını bilirdim. Amma düzü, biz sadəcə komanda yoldaşı olmuşuq. Dino ilə elə də tez-tez danışmırıq.

- Deyə bilərik ki, Azərbaycan Premyer Liqasına çox yaxşı adaptasiya olmusan və özünü sübut etmisən?
- Mən sadəcə oyunlara, komandama maksimum dərəcədə fokuslanmışam. Komanda yoldaşlarıma kömək etmək üçün əlimdən gələni edirəm. Şadam ki, bu məndə alınır və oyunlarda qollar vururam, komandam da uğur qazanır. Çalışacam ki, bu stabil hal alsın. Sona az qalıb, ən yaxşı şəkildə komandaya kömək edəcəm.

- Artıq sənə Azərbaycanın başqa klublarından təklif gəlib? Hansısa klublar səni istəyir, yoxsa yeni mövsümə də "Turan Tovuz"da başlayacaqsan? 
- “Turan Tovuz”la qüvvədə olan müqaviləm var. İnanın, özümü bu komandada çox xoşbəxt hiss edirəm. Bütün diqqətim, bütün fikrim “Turan Tovuz”a yönəlib. Heç başqa komanda, başqa yer haqda da düşünmürəm. İndi ancaq “Turan Tovuz”a kömək olmaq, məqsədimizə çatmağa fokuslanmışam.

- Qışdan sonra gəlsən də, qollarını vurursan. Belə çıxır ki, mövsümün əvvəlində "Turan Tovuz"a transfer olsaydın, daha çox qol vurub, hazırda "bombardirlər siyahısı"nda yer alardın?
- Bu haqda heç düşünməmişəm. Amma bəlkə də, elədir. Tez gəlsəydim, bəlkə daha çox qol vurardım. Fərqi yoxdur, qışdan sonra gəlmişəm, hər oyunda qol vurub, “Turan Tovuz”un məqsədinə çatmasına kömək etmək istəyirəm.

writer photo
Əlirza Əlirzalı
0