Anar Salmanov: "Bu vəhşilikdir, insanlıqdan kənar olan bir şeydir"
12.12.2023 - 20:21
Anar Salmanov: "Bu vəhşilikdir, insanlıqdan kənar olan bir şeydir"

"Hakim toxunulmazdır. Ona toxunmaq olmaz”. 

Bu sözləri apasport.az açıqlamasında sabiq FİFA hakimi Anar Salmanov deyib.

O, Türkiyə Superliqasının dünən axşam keçirilən “Ankaragücü” - “Rizəspor” (1:1) matçından sonra qarşılaşmanın baş hakimi Halil Umut Melerin döyülməsinə münasibət bildirib. Salmanov baş verənləri birmənalı şəkildə çox pis qarşıladığını və hakimə həm insan, həm də sabiq hakim kimi dəstək olduğunu qeyd edib: “Hakim hər hansı bir səhv etsə belə, ona əl qaldırmaq olmaz. Bu oyunda baş verənlər sırf insanlıq tərəfindən bir cinayətdir. Sabiq FİFA hakimi kimi həmişə belə şeyləri pisləmişəm. Bu vəhşilikdir, insanlıqdan kənar olan bir şeydir. Hakim hansı səhvlərə yol verməsinə baxmayaraq, bu hallar baş verməməlidir. Referi də insandır, meydanda səhv edə bilər. Bu işdir, iş olan yerdə səhv də mümkündür. Amma heç kimə ixtiyar verilmir ki, insana, hakimə qarşı belə zorakılıq olsun. Cinayəti törədənlər dövlətin qanunları, hüquq, mühafizə orqanları qarşısında cavab verməlidirlər və birmənalı şəkildə öz cəzasını almalıdır. Bu insanlara qarşı cəza mütləq tətbiq olunmalıdır. Belə şeyləri qınayıram. Heç bir hakimə qarşı belə şeylər baş verməməlidir. Sivil qayda var. Əgər hakim səhv edibsə, müraciət forması var. Amma, hansısa hakimə zorakılıq, əl qaldırmaq kimi hərəkətlər yolverilməzdir. Hakim ədaləti qoruyan şəxsdir. Sabiq FİFA hakimi kimi onun yanındayıq".

Sabiq hakim baş verənlərin Türkiyənin sanksiyalarla üzləşməsi, AVRO-2032-yə ev sahibliyi itirməsi ilə nəticələnə biləcəyinə inanmır: "Hesab edirəm ki, belə sanksiyalar olmayacaq. Baş verənlər sırf insan vəhşiliyidir. Amma yenə də buna cavabdeh olan qurumlar var. Hesab edirəm ki, bu məsələ ilə bağlı heç bir sanksiya tətbiq oluna bilməz. Hər hansı sanksiya olacaqsa, bu cəza Türkiyəyə qarşı yox, sırf o insanlara qarşı tətbiq edilə bilər. Birincisi, bu insan FİFA hakimi, ikincisi, Türkiyə vətəndaşıdır. Mühafizə orqanları və müvafiq instansiyalar məsələ ilə bağlı cəza tətbiq etməlidir. AVRO-2032-nin ev sahibliyinin Türkiyədən alına biləcəyini düşünmürəm. Amma təhlükəsizlik 
sistemi daha da təkmilləşdiriləcək". 

Qeyd edək ki, Türkiyə Superliqasının dünən axşam keçirilən “Ankaragücü”- “Rizəspor” matçından (1:1) sonra qarşılaşmanın baş hakimi Halil Umut Meler meydan sahibləri tərəfindən döyülüb.

writer photo
Əlirza Əlirzalı
0